Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür.
yasamal.tv-ın xəbərinə görə, XTQ-nin yaradılmasından 22 il ötür.
XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.
XTQ-nin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb.
29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilib. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda XTQ-yə Hikmət Mirzəyev rəhbərlik edib.
2020-ci il iyunun 20-də yeni xüsusi təyinatlı birlik yaradılıb . Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan XTQ-nin bölmələri də iştirak edib.
Vətən müharibəsi Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilib.