Artıq bir ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus pandemiyası hələ də davam etməkdədir. Nəinki Azərbaycanda, eləcə də bütün dünya ölkələrində də yoluxma dinamikası sürətlə dəyişir. Virusa qarşı müxtəlif mübarizə üsullarının tətbiqi, son dövrlərdə artıq COVID-19 əleyhinə vaksinin tapılması və istifadəsinə başlanılması yoluxma dinamikasının artmasının qarşısını nisbətən ala bilib.
Ötən gün respublika ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxanların say 608 nəfər olub. Paralel olaraq virusdan sağalanların sayı 128, ölənlərin sayı isə beş olub.
Bu da cəmiyyətdə yenidən narahatlıq yaratmağa başlayıb. Bəs görəsən koronavirusun gedişatını sürətləndirən yanaşı amillər, viruslar varmı? Pandemiyadan əvvəl müşahidə edilən bir çox infeksion xəstəliklərə hazırda rast gəlinirmi?
Koronavirus pandemiyasının tamamilə unudulması nə qədər realdır?
Bu və digər suallarımızı həkim infeksionist cavablandırıb.
yasamal.tv oxu.Az-a istinadən həkim-infeksionist Nicat Əzimli ilə müsahibəni təqdim edir:
– Ötən il dünyanı cənginə alan COVID-19 infeksiyası bütün infeksion xəstəlikləri kölgədə qoydu və bu proses təəssüf ki, davam etməkdədir. Necə düşünürsünüz, ötən il ərzində qeydə alınan yoluxmalar arasında mövsümi xəstəliklər heç olmayıb?
– Çox doğru vurğuladınız. COVID-19 infeksiyası hələ də davam edir. Lakin deməzdim ki, digər infeksion xəstəliklərə rast gəlinmir. Bu, doğru fikir olmaz. Çalışdığımız müddətcə koronavirusla yanaşı, mövsümi infeksion xəstəliklərə də rast gəlirdik. Bütün xəstəliklərə qarşı da uyğun şəkildə müalicələrimizi aparırdıq.
Bu il də təbii olaraq koronavirus var deyə, o demək deyil ki, digər mövsümi infeksion xəstəliklərə yoluxmalar olmayacaq. Bütün infeksion xəstəliklərlə müvafiq müayinə, müalicə və mübarizə üsulları mövcuddur.
– Mövsümi infeksion xəstəliklərdən ən çox rast gəlinəni hansılardır?
– Onlardan ən çox rast gəlinən viral respirator infeksiyalardır. Hansı ki, bu viral törədicilərə influenza virusları, parainfluenza virusları, adenoviruslar, rinoviruslar, respirator sinsitial viruslar və s. aiddir. Əlavə olaraq digər bir çox bakterial törədicilər də oxşar xəstəlikləri törədə bilər. Bu xəstəliklərin simptomları koronavirus infeksiyasının ilkin simptomları ilə oxşarlıq təşkil edə bilir.
Bəzən bunu ilkin mərhələdə fərqləndirmək çətin olur. Lakin dəqiq müayinə üsulları ilə biz xəstəliyin hansı infeksiya – koronavirus, yoxsa mövsümi xəstəliklərdən biri olduğunu müəyyənləşdirə bilirik. Bu səbəbdən zamanında dəqiq diaqnozun qoyulması və düzgün müalicəyə başlanması üçün həkimə müraciət etmək vacibdir.
– Bəs dediyiniz ki, oxşar simptomlar səbəbindən dəqiq diaqnoz qoyulana qədər izolyasiya məsələsi necə tənzimlənirdi?
– Hərarət COVID-in özünü ən qabarıq şəkildə büruzə verən ilkin simptomudur. Həkim gələnə qədər pasiyentlərin bu kimi hallarda özlərini izolyasiya etmələri vacibdir. Təbii ki, müraciət edən xəstəyə ilk olaraq düzgün izolyasiya tədbirləri izah edilir. Mümkün qədər təhlükəsizlik tədbirləri görüldükdən sonra həkim xəstəni müayinə edir. Koronavirusa oxşar simptomlar olduqda təbii ki, yaxma götürülür. Daha sonra artıq diaqnoza uyğun olaraq COVID-19 aşkarlanarsa, xəstəliyin simptomatik və ya asimptomatik keçdiyindən asılı olaraq uyğun müalicə təyin olunur.
– Bəzən yoluxma dinamikasının artdığı ərəfələrdə deyirdilər ki, ölüm sayları azaldılır. Necə düşünürsünüz, bu doğrudurmu?
– Bir həkim olaraq bir ilə yaxındır ki, koronavirusa qarşı mübarizə aparıram. Deməzdim ki, bu məlumat həqiqəti əks etdirir. Çünki biz ölüm hallarının içərisindəydik. Çalışdığımız müəssisələrdə, eləcə də digərlərində müraciətlərin sayı, ölüm halları barədə məlumatlıyıq. Çətin günlərdə biz hadisələrin içində olan şəxslər kimi mənzərənin birbaşa şahidi oluruq. Elə ötən pandemiya dalğalarında da təxminən bilirdik ki, vəziyyət hazırda necədir. Heç rəsmi məlumatlara baxmadan da, öz işimizin ağırlığından, gündəlik müraciətlər, gətirilən xəstələr, reanimasiya şöbəsindəki vəziyyətə baxdıqda yoluxma sayında artımın olduğunu, ölüm hallarının da baş verdiyini aydın görə bilirik.
Təbii ki, bütün bunları nəzərə alsaq, əminəm ki, yoluxma sayları ilə yanaşı, ölüm saylarında da hər hansı yanlış informasiya verilmir. Buna gərək olduğunu düşünmürəm.
– Koronavirusdan ölüm halları arasında yaş faktorundan danışaq. Ölənlər arasında yaşlılar, yoxsa gənclər daha çox idi?
– Şəxsi praktikamdan əvvəl onu deyim ki, ümumi araşdırmalara baxdığımızda yaş faktorunun önəmli olduğu görülür. Əlbəttə ki, yaşlı insanlar arasında xəstəliyin gedişatı gənclərlə müqayisədə bəzən daha ağır olduğundan ölüm halları nisbətən daha çox olur.
Amma bu bir tərəfdən də təkcə yaş faktorundan deyil, orqanizmin hazırkı statusundan, immun sistemindən də asılıdır. Çünki, yaş önəmli olsa da, hər bir orqanizm individualdır. Elə yaşlı insanlar var ki, koronavirusu simptomsuz keçirib. Məsələn, dünyada və elə həmçinin ölkəmizdə də koronavirusa yoluxan 100 yaşın üzərində bir neçə COVID xəstəsi müalicə nəticəsində sağalıb və evinə yola salınıb. Heç bir halda tibbdə 100 faizlik proqnoz vermək mümkün deyil. Buna görə işimizi şansa buraxmamalıyıq və hər ailədə ilk növbədə yaşlılar, xroniki və ya hər hansı digər xəstəliyi olan şəxslər başda olmaqla hər kəsin vaksinasiyada iştirak etməsi əhəmiyyətlidir.
– Hamilə qadınların koronavirusa yoluxması körpəyə nə kimi təsir edə bilər?
– İndiyə qədər olan məlumatlara əsasən, demək olar ki, virus ana bətnindəki körpəyə keçmir və hamilə qadınlar xüsusi risk qrupuna daxil edilmir. Yəni onlarda xəstəliyin ağırlığında digər insanlara nisbətdə fərq görünmür. Lakin biz bilirik ki hamiləlik zamanı qadının immun sistemi yüklənir. Əlavə olaraq xəstəliyin törədicisi olan virus; SARS-CoV-2 koronavirus ailəsindəndir və eyni ailədən öncədən tanıdığımız SARS və MERS-in hamiləlikdə ciddi fəsadları qeydə alınıb, bütün bunları da çıxsaq, COVID-ə yoluxma və xəstəlik halının olması hamilə bir qadının dərmanlar vasitəsilə müalicəsinə zərurət yarada bilər və bu, arzuolunan deyil, buradan görünür ki, hamilə qadının qorunma tədbirlərinə ciddi şəkildə riayət etməsində fayda var.
– Həkim, bəs yanaşı xəstəlikləri olan şəxslər necə? Koronavirus həmin xəstəliklərin gedişatını sürətləndirdiyi üçün insanlarda ölüm faktları daha çox qeydə alınır?
– İlk olaraq ürək-damar xəstəlikləri olan şəxslər və şəkərli diabet xəstələri COVID-i ağır keçirə bilir. Bilirsiniz, ürək-damar xəstəliklərindən, şəkərli diabetdən və s. digər xroniki xəstəliklərdən əziyyət çəkən insanlar mütəmadi olaraq səhhətlərini diqqətdə saxlamalıdırlar. Bu xroniki xəstəliklər zamanı pasiyent adətən həyatı boyu gündəlik dərman qəbul edir və bəzən ağırlaşmış halda gəlmiş xəstəni danışdıranda görürsən ki, bu insan öz xəstəliyini nəzarətdə saxlamayıb, daim yüksək şəkərlə, daim yüksək təzyiqlə gəzən insan olub və orqanizmi COVİD-ə hazırlıqsız yaxalanıb. Səhhətinə diqqət etməyən şəxslərdə virusa yoluxduqda təbii olaraq xəstəliyi ağır keçirmə riski çoxdur.
– Vaksin vurulması bu kimi hallarda effektivdirmi?
– Hazırda vaksinasiya prosesi davam edir. Yanvarın 18-dən başlayan vaksinasiya prosesində ilkin mərhələdə tibb işçilərinə və 65 yaşdan yuxarı risk qrupuna daxil olan şəxslərə üstünlük verilib. Düşünürəm ki, bu, risk qrupuna daxil olan şəxslərin virusa yoluxma ehtimalını çox azaldacaq. Vaksinasiya pandemiyadan həmişəlik qurtulmağın tək yoludur.
– Koronavirusa qədər və bu dönəmdə də rastlanan infeksion xəstəliklər tam olaraq hansılardır?
– Bir çox infeksion xəstəliklər var ki, tez-tez müşahidə edilir. Lakin bunlar hazırkı dövrdə COVID qədər epidemik və ya pandemik hal almayıb. Kiçik ocaqlar şəklində və ya sporadik şəkildə aşkarlanan xəstəliklərdir. Bunlardan bəziləri gələcək üçün ciddi təhlükə kəsb edir. Ümumiyyətlə infeksion xəstəliklər bakterial, viral, funqal, parazitar olaraq qruplaşdırılır. İnfeksion xəstəliklərin sayı və növü isə çoxdur. Mən burada əsas mövzumuz olan hava-damcı infeksiyalarından, qan və cinsi yolla keçən infeksiyalardan danışmaq istəyirəm. Hava-damcı yolu ilə yoluxan infeksion xəstəliklərdən daha çox bayaq saydığım yuxarı tənəffüs yollarının virus və bakterial infeksiyaları, suçiçəyi, qızılca, epidemik parotit, meningit və s. göstərmək olar. Bu xəstəliklərdə hərdən az sayda artım müşahidə edilir, lakin dediyim kimi, epidemik hal almadığı üçün və bu xəstəliklərdə letallıq, yeni ölüm halları olmadığı və ya çox az olduğu üçün təhlükə yoxdur. Eyni zamanda əhali bu kimi xəstəliklərə qarşı vaksinasiya olunduğundan da təhlükənin qarşısı alınır.
Nisbətən daha ciddi təhlükə və diqqət çəkilməsi gərək olanlar qan və cinsi yolla yoluxan infeksiyalardır. Hansı ki, insanın immunçatışmazlığı virusu (İİV) və hepatit virusları daim gündəmdədir. Bu xəstəliklərə yoluxan şəxslər adətən xəstəliyin inkubasiya dövründə yoluxduqlarından xəbərləri olmur. Bəzən bu, uzun müddət çəkir. Hətta tibbdə hepatit C virusunun “mehriban qatil” deyə adı var. Hansı ki, illərlə bu xəstəlikdən insanın xəbəri olmur, həmin zaman ərzində isə virus öz işini görmüş olur və geridönməz proseslə üzləşilir. Eyni zamanda həmin illər ərzində daşıyıcı olaraq digər şəxsləri də yoluxdura bilər. Lakin, xoşbəxtlikdən, hepatit C virusunun müalicəsi son bir neçə ildə olduqca təsirli antiviral preparatların ixtirası ilə inqilaba uğradı. Bu, əlamətdar irəliləyiş, virus zülallarının onun həyatındakı rolunu anlamaqla mümkün oldu və bu da öz növbəsində spesifik dərman antaqonistlərin inkişafına imkan verdi. Hazırda hepatit C xəstəliyin dərəcəsindən asılı olaraq, 100%-ə yaxın ehtimalla müalicə oluna bilir. Digər saydığımız hepatit virusları və insanın immunçatışmazlığı virusunun törətdikləri xəstəliklərin müalicəsi ilə bağlı isə çox böyük elmi yeniliklər olsa da, həm hepatit C, həm də bu xəstəliklər hələ də təhlükəli infeksiyalardır və bunlara qarşı tədbirli davranılması lazımdır. Xüsusilə qanla təmas olan prosedurlarda sterillik çox əhəmiyyətlidir.
– Ölkədə koronavirusa yoluxma faktı qeydə alınmazdan öncə dövlət səviyyəsində pandemiya əleyhinə ciddi tədbirlərin görülməsinə başlanıldı. Bir həkim kimi görülən tədbirləri necə dəyərləndirirsiniz?
– Nəzərə alaq ki, dövlətçilik tarixində pandemiya ilə ilk dəfə rastlaşırıq. Dünya özü də bir əsrə yaxındır ki, bu cür pandemiya dövrü yaşanmayıb. Təbii olaraq dünya ölkələri də, Azərbaycan da bu pandemiya qarşısında təcrübəsiz idi. İlk mərhələlərdə tətbiq edilən, lakin sonradan infeksiya öyrənildikcə daha doğru və fərqli qərarların qəbul olunması çox normaldır. Əsas olan məqsəd və nəticədir.
Nəticə isə budur ki, Azərbaycanda koronavirus pandemiyası ilə mübarizədə yerində və vaxtında qərarlar verilir. Ən uzunmüddətli karantin rejimində qalan ölkələrdən biriyik. Bu o deməkdir ki, dövlət əhalisinin sağlamlığının qeydinə qalır. Məhz lazım olan zamanda heç birimizə xoş olmayan, lakin yoluxmalar artdığına görə zəruri olan sərtləşdirilmiş karantin rejiminin tətbiqi hesabına bu gün yoluxma dinamikasını nəzarətdə saxlamaq mümkün olub.
Bəzən isə öncəki mərhələdə yanlış kimi görünən addımlar əslində səhv deyildi. Məsələn, ölkədəki ilk yoluxma halları zamanı “əhali arasında simptomsuz xəstələrin hospitalizasiyası lazım deyildi, insanlar qorxdu” deyilirdi. Qorxudan simptomsuz xəstələrdə simptomlar yarandı, simptomlu xəstələrin vəziyyəti ağırlaşdı. Və ya polis əməkdaşlarının karantin qaydalarını pozan COVID-19 xəstələrini aparması və s. birmənalı qarşılanmır və müzakirə obyektinə çevrilirdi. Lakin bunu araşdırsaq, görərik ki, bu, bütün dünyada belə idi. Xəstəliyin ilk mərhələsində bu qədər sərt tədbirlərin görülməsi vacib idi və görüldü. Əgər həmin mərhələdə bu tədbirlər olmasaydı, bəlkə bu gün Azərbaycanda koronavirus daha ağır nəticələrə gətirib çıxarardı. Atılan addımlar effekt verdikcə davam etdirilir. Hər halda məqsəd əhalinin sağlamlığını qorumaqdır.
– İlk gündən deyilən və elə ilk gündən də əməl edilməsində çətinliklər yaradan addımlardan biri qoruyucu maskalardan istifadədir. Necə düşünürsünüz, tibbi maskalar bizi qorunduğumuz koronavirusa düçar edə bilərmi?
– Tibbi maskaların təyinatına uyğun istifadə edilməsi vacibdir. Burada əsas olan maskanın istifadədən sonra zərərsizləşdirilməsidir. Maska iplərindən tutularaq çıxarılmalı və birbaşa zibil qabına atılmalıdır. Əks halda istifadə olunmuş maska infeksiya mənbəyi ola bilər. Maska çıxarılıb atıldıqdan sonra əllər azı 20 saniyə su və sabunla yuyulmalıdır.
– Bəs bir tibbi maska gün ərzində neçə saat istifadə edilə bilər?
– Maska nəmləndikdə və çirkləndikdə yenisi ilə əvəz olunmalıdır. Adətən bu, 2-4 saat ərzində baş verir.
– Qarşıdan yaz gəlir, mövsümi xəstəliklər oyandığı bir fəsildir. Pandemiya şəraitində allergik simptomların, öskürəklə müşahidə edilən xəstəliklər COVID-19 xəstəliyinin müəyyənləşdirilməsində hər hansı çətinlik yarada bilərmi?
– Düşünmürəm ki, çətinlik olsun. Bənzər simptomlu olsalar da, həkim müayinəsi zamanı dəqiq üsullar var. İstənilən halda yaxma müayinəsi kifayət edir ki, pasiyentin koronavirusa yoluxub-yoluxmadığını müəyyən edə bilək.
Bununla yanaşı müəyyən radioloji üsullar da diaqnozun dəqiqləşdirilməsinə kömək edir. Həkim pasiyentlə söhbət zamanı anamnez əsasında da qərar verə bilər.
– Bəzən testlərin cavablarında qarışıqlıq olurdu. Çıxış yolu kimi rentgen müayinəsinə üstünlük verirdilər. Siz necə düşünürsünüz, PZR testlər, yoxsa rentgen müayinəsi diaqnozun daha dəqiq qoyulmasına kömək edir?
– Bəzi hallarda həkim göstərişi əsasında yaxma müayinəsinə alternativ olaraq, pasiyentin kompüter tomoqrafiyası (KT) və ya rentgen müayinəsindən keçməsi istənilə bilər.
Təəssüf ki bəzən pasiyent həkimə müraciət etmədən birbaşa KT müayinəsinə üz tutur. Bəzən hətta həkimlər də ehtiyac olmadığı halda pasiyentləri bu müayinələrə yönləndirirlər. Əgər bunun üçün xüsusi göstəriş yoxdursa, bu müayinələri düzgün hesab etmirəm. Şəxsin koronavirusa yoluxub-yoluxmadığını müəyyən etmək üçün çox vaxt sadəcə PZR testi və həkim baxışı kifayət edir. Nəticəyə uyğun olaraq da düzgün müalicə üsulu seçilir.
– Belə deyək ki, infeksion xəstəliklərin ölümlə nəticələnməsi ortalama neçə faiz təşkil edir?
– İnfeksion xəstəliklər dünya üzrə ölüm səbəbləri arasında həmişə ilk sıralarda olub. SARS-COV-2 adlandırılan virusun isə çoxaldığı və zədələdiyi əsas toxuma ağciyərlərdir. Bu səbəbdən də koronavirus aqressiv xəstəlikdir və letallığı çox yüksək olmasa da, kontaqiozluğunun, yəni yoluxma qabiliyyətinin çox olması ölüm hallarının sayına təsir edir.
– İnsan orqanizmində normal saturasiya nə qədər olmalıdır?
– Normal saturasiya 94-dən çox olmalıdır. Saturasiyanın aşağı enməsi adətən ağciyər toxunmasındakı zədələmə ilə bağlıdır. Odur ki, saturasiya aşağı düşürsə, əksər hallarda bilirik ki, vəziyyət ağırlaşır. Lakin hər bir halda vəziyyəti obyektiv qiymətləndirmək lazımdır. Bunun üçün də həkim mütəxəssis gərəklidir.
– COVID-19 virusu insan orqanizmində daha hansı fəsadlar yarada bilər?
– Ağciyər istisna olmaqla, araşdırmalar sübut edib ki, virus digər orqanlara da ciddi ziyan vura, funksiya pozğunluğu yarada bilir. Bura daxildir: böyrəklər, ürək, beyin, sinir toxumaları və s. Lakin bütün bunlar ağciyərə dəyən zərərlə eyni dərəcədə ola bilməz. Birmənalı olaraq COVID-19 xroniki xəstəlikləri kəskinləşdirə bilir.
– Koronavirusa yoluxan şəxslərdə yenidən yoluxmalar müşahidə olunubmu?
– Bəli, müşahidə olunub. Təkrar yoluxma əksər dünya ölkələrində müşahidə olunub.
– Bəs orqanizmdə virus əleyhinə yaranan anticisimlər bu kimi yoluxmalarda hansı rol oynayır?
– Orqanizmdə yaranan anticisimlərin nə qədər effektiv qalması insandan-insana dəyişir. İnsan var ki, xəstəliyi çox ağır keçirsə də, orqanizmdə yaranan immunitet çox aşağı səviyyədədir. Anticisimlərin miqdarı koronavirus xəstəliyinə yoluxmayan insanlarla eyni səviyyədədir, yəni xəstəliyə həssaslıq eynidir. Amma elə insan da var ki, koronavirusu asimptomatik keçirib, heç xəbəri də olmayıb, amma virusa qarşı güclü immunitet formalaşıb. Hazırda immunitetini təşkil edən immunoqlobulin G-lərin miqdarı 7-dən yuxarıdırsa, bu, standart olaraq kafi immunitetin formalaşdığı kimi qəbul olunur.
– Artıq yanvarın 18-dən COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi başlanılıb. Vaksinlərin tərkibi barədə məlumat vermənizi istərdim.
– Bu vaksinlərin tərkibində insan orqanizminə virusun inaktivləşdirilmiş forması yeridilir. Yəni vaksinin tərkibində olan virusun özüdür, lakin bu virus çoxalma qabiliyyəti əlindən alınmış, zərərsizləşdirilmiş haldadır. Dünyada müxtəlif texnologiyalarla çoxsaylı vaksinlər hazırlanır. Ümumiyyətlə isə istənilən vaksinin məqsədi yoluxmanın qarşısını almaqdır.
Vaksin insan orqanizmində xəstəliyin “Spayk” adlandırılan, virusun insan hüceyrəsinə daxil olmaq üçün istifadə etdiyi zülallarına qarşı immunitet yaratmaq üçün istifadə edilir. Müxtəlif cür vaksinlər var, lakin hazırda “SinoVac” şirkətinin istehsalı olan “CoronaVac” vaksini ölkəmizdə tətbiq olunur. Bu vaksinin hazırlanmasında da ənənəvi üsuldan istifadə edilib. Belə ki, virus xüsusi mühitdə çoxaldılır. Daha sonra kimyəvi məhlul olan beta-propiolakton vasitəsilə virusun RNT-si zərərsizləşdirilir. Virusun replikasiya (bölünmə) qabiliyyəti əlindən alındığı üçün o, insan orqanizmində hüceyrədən hüceyrəyə keçərək çoxala bilmir. Bundan əlavə vaksinin tərkibinə “adjuvant” adlanan immunomodulyator da əlavə olunub, burada ənənəvi olaraq aluminium tərkibli “adjuvant”dan söhbət gedir. Bu da virusa qarşı güclü immunitetin yaradılmasına kömək edir.
Yəni aydın olduğu kimi, vaksinin tərkibində insan orqanizminə daxil olan virus bölünərək çoxala və xəstəlik əmələ gətirə bilmir. Yəni vaksin deyəndə əlimizdə RNT-si əlindən alınmış SARS-CoV- 2 virusu var. Dünyada bu vaksinlər bir çox digər xəstəliklərə qarşı da istifadə edilib. Türkiyədə aparılan araşdırmalara əsasən, “CoronaVac”ın effektivliyi 91,25 % olaraq qeyd olunub. Digər ölkə olan Braziliya isə müxtəlif vaxtlarda müxtəlif rəqəmlər qeyd etsə də, ümumilikdə hər bir ölkə vaksinin ölüm hallarının qarşısını 100% aldığını elan edib. Bu isə vaksinasiyanın necə faydalı və önəmli olduğunu göstərir.
– Daha da dəqiqləşdirsək, məhz hansı xəstəliklərdə istifadə edilib və 100 faiz nəticə əldə olunubmu?
– Bir əsr bundan öncə yayılan bir çox xəstəliklərdə istifadə edilib. Məsələn, tarixdə yayılan çox təhlükəli viruslardan biri çiçək infeksiyası olub. Epidemiya halını alan çiçək xəstəliyi zamanı dəhşətli hadisələr yaşanıb. Bu xəstəliyə yoluxan insanlar sağalsa belə, xarici görkəmləri tanınmaz hala düşürdü. Orqanlarında çoxsaylı ciddi problemlər yaranırdı və letallığı yüksək olduğundan ölüm halları çox olurdu. 1796-cı ildə E.Cenner tərəfindən çiçək vaksini hazırlandı, lakin bunun tətbiqi müxtəlif səbəblərdən gecikdi. Nəhayət keçən əsrin ortalarından İngiltərədən başlayaraq bütün dünyada tətbiq olundu. Bu gün dünyada çiçək virusuna rast gəlinmir və bu hal artıq yarım əsrdən çoxdur belə davam edir.
Uzun müddət keçib və biz hələ də bu virusun yenidən baş qaldırdığının şahidi olmamışıq. Demək ki, vaksinasiya effektivdir və hər kəs könüllü olaraq vaksinasiya prosesində iştirak etməlidir.
– Cəmiyyətdə belə bir şayiə yaranıb ki, vaksin birdəfəlik şprislərdə gəlməli olduğu halda, ampula şəklində gətirilib. Buna münasibətiniz necədir?
– Bu, ciddi məsələ deyil. Çünki ölkədə kim və nə üçün belə bir şeyə cəhd etsin? Pandemiya nə ölkə üçün, nə də vətəndaşlar üçün müsbət hal deyil. Birmənalı olaraq hər kəs bu vəziyyətin qısa zamanda bitməsinə və əvvəlki normal, stabil həyat tərzinin geri qayıtmasına çalışır. Məqsəd pandemiyanın nəzarətə alınmasıdır.
Bayaq dediyim kimi, çiçək virusu yayılan zaman vaksin hazırlandığında insanlar buna da qəribə baxırdılar. Ehtiyat edirdilər ki, vaksindən sonra daha pis ola bilərlər. Biz buna psixoloji immunitet deyirik. Bu, insanın ilk dəfə gördüyü və bilmədiyi bir şeyə münasibətidir. O vaxtın müəyyən karikaturaları qalıb ki, çiçəyə qarşı vaksinasiya gedən müddətdə insanların o zamankı hiss və davranışlarını əks etdirir. İndi də COVID-ə qarşı vaksinasiyada eyni hallar baş verir. Yenə deyirəm bu, təbiidir, lakin normal həyata qayıtmaq istəyiriksə, vaksinasiya tək çıxış yoludur.
– Necə düşünürsünüz, vaksinasiya prosesi yaxın gələcəkdə COVID-19 virusunu tamamilə yox edəcəkmi? İnsanlar yenidən normal həyat tərzinə qayıdacaqlarmı?
– Vaksinlərin effektivliyi nə qədər çox olsa, bu məsələ də bir o qədər tez həll olunacaq. “CoronaVac”ın effektivlik faizi hələ dəqiq məlum olmasa da, bir çox digər respirator və qeyri-respirator virus infeksiyalarında aparılan vaksinasiyalara baxdığımızda bəzilərinin 40-50 % immunizasiya qabiliyyəti var və bu kifayət edir ki, xəstəliyi sıfıra endirməsək də, pandemiyaya son verilsin. Bu məsələ gündəmdən düşsün. Dünya əhalisinin, onu da bir kənara qoysaq, ölkə əhalisinin tamamı deyil, hətta yarısı belə vaksinasiyada iştirak etsə, koronavirusla bağlı vəziyyət yaxşıya doğru dəyişəcək. Az halda rast gəlindiyi üçün də biz ona adi qrip kimi yanaşa biləcəyik. Müalicə məsələsi də daha rahat olacaq. Səhiyyə sisteminə də heç bir yük düşməyəcək.
Ən önəmlisi xüsusi karantin rejimlərinin tətbiqinə, qoruyucu maskalardan istifadənin vacibliyinə gərək qalmayacaq.