“Şuşada Pənahəli xanın heykəli ucaldılsın!” – Təklif

11

“Şuşada bu şəhəri inşa etdirən Pənahəli xanın da at belində, əlində qılınc heykəli ucaldılsın!”.

yasamal.tv-ın məlumatına görə, bu təkliflə tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı çıxış edib.

Sosial şəbəkələrdə müzakirəyə təqdim olunan təklif əksəriyyət tərəfindən təqdir olunub.

Qeyd edək ki, Qarabağ xanlığının yaradıcısı Pənahəli xan 1693-cü ildə anadan olub. Pənahəli xan gənc yaşlarında Nadir şah Əfşarın yanında xidmət edib. O, dövlət idarəçiliyini də Nadir şahın xidmətində olarkən öyrənib.

Sonralar o, Qarabağ xanlığının əsasını qoyur və paytaxt olaraq Şuşa qalasının yerləşdiyi ərazini seçir. Tarixi mənbələrdə Şuşa şəhərinin 1750-ci illərin əvvəllərində tikilib bərpa olunduğu bildirilir.

Tarixçilərin yazdığına görə, Pənahəli xan 1763-cü ilə qədər yaşayıb və Azərbaycanın siyasi həyatında fəal iştirak edib.

Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdi. 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri Şuşanı ermənilərdən azad edib.

Bəzi məlumatlara görə, Şuşanın işğalından əvvəl də Pənahəli xanla bağlı belə bir layihə olub, hətta vaxtilə onun heykəli üzərində tamamlama işlərinin aparıldığına dair söz-söhbət də gəzir. Deyilənə görə, 1990-cı illərin əvvəllərində heykəlin qoyulacağı yer də müəyyənləşdirilibmiş. Ancaq müharibənin qızışması, bir qədər sonra isə şəhərin işğal edilməsi bu işi yarımçıq qoyub.

Xatırladaq ki, bundan əvvəl Şuşada şəhərin azad olunmasında iştirak etmiş şəhidlərin, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin əsgərlərinin şərəfinə də abidə qoyulması təklifləri səsləndirilib.

Azərbaycan dövlətinin rəhbərliyi hazırda Şuşada bərpa-quruculuq işlərinin aparılmasına hazırlıq görür və şəhərin yeni baş planı üzərində iş gedir. (modern.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin