Məhkəmə bildirişləri niyə gecikir?

13

Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə prosesdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Lakin bəzi hallarda bildirişlər vətəndaşlara gec gəlib çatır. Bəzən məhkəmə iclasının keçirilməli olduğu vaxtdan bir neçə gün sonra bildirişin gəldiyi hallara da rast gəlinir.

Millitirbuna.az e-huquq.az-a istinadən bildirir ki, müraciət edən oxuculardan biri ayın 6-na təyin olunan məhkəmə iclası barədə bildirişi ayın 9-da aldığını bildirir. Vətəndaşların narazılığa səbəb olan bu kimi hallarla hətta vəkillər də qarşılaşırlar.

Açıklama yok.

Vəkil Əkrəm Həsənov e-huquq.az-a açıqlamasında belə halların başlıca səbəbinin məhkəmələrdən qaynaqlandığını bildirib. Ə.Həsənovun sözlərinə görə, bu problem daha çox birinci instansiya məhkəmələrində yaşanır: “Bildirişin gecikməsi müxtəlif səbəblərdən ola bilər. Birinci səbəb məhkəmənin bildirişi gec göndərməsidir. Mən özüm də bu kimi halların şahidi olmuşam. Onu da qeyd edim ki, gecikmələr adətən birinci instansiya məhkəmələrində olur. Məhkəmə bildirişi göndərdikdə bunun poçt vasitəsilə neçə günə çatdığını nəzərə almalıdır. Düzdür, bəzi hallarda poçtun gecikdirməsi üzündən də belə hallar yaşanır. Lakin əsas səbəb məhkəmələrdən qaynaqlanır. Bu ya məhkəmədə işlərin çox olması, ya da məhkəmə əməkdaşının öz işinə məsuliyyətsiz yanaşmasına görə ola bilər. Hər bir halda bu, qanunsuzluqdur. Vəkillər elektron sistemdən bununla bağlı məlumat ala bilsələr də, vətəndaş üçün belə bir imkan yoxdur. Bəzi məhkəmələr isə vətəndaşın mobil telefonuna SMS vasitəsilə bildiriş göndərir. Bu, həmin məhkəmə katibinin, hakim köməkçisinin necə məsuliyyətli olmasını göstərir. Yəni, belə məhkəmə işçilərimiz də var, nömrəni tapır, müvafiq bildirişi göndərir”.

Açıklama yok.

Vəkil Hafiz Ələsgərov da məhkəmə bildirişlərinin gecikməsi ilə tez-tez rastlaşdığını deyib. Vəkilin fikrincə, belə hallar vətəndaşın məhkəməyə olan inamına mənfi təsir göstərir.

“Bu problem Bakı Apelyasiya Məhkəməsində tez-tez baş verir. Məsələn, Bakı Apelyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun işində belə problemlər yaşanır. Mənə ayın 26-sı bildiriş gəlir ki, 25-i məhkəməyə çağırılmısız. Hətta məhkəməyə 1 saat qalmış belə mənə bu haqda bildirişin gəldiyi hallar olub. Halbuki bu bildiriş heç olmasa, 3-4 gün əvvəl gəlməlidir. Bəlkə mənim iddia ərizəsinə ehtiyacım var. Bildiriş göndərərkən bəzən iddia ərizəsinin surətini göndərmirlər. Belə problemlər ya işçilərin təcrübəsizliyi, ya da hakimlərin nəzarətsizliyi ucbatından yaranır. Bu, texniki problemdir. SMS bildiriş daha yaxşı və daha effektiv vasitədir. Onun vasitəsi ilə bildiriş 5 gün, bir həftə əvvəl gəlir və telefonda qalır. Lakin poçt vasitəsi ilə gələn bildirişlər gecikir. Mən vəkiləm, məhkəmə vaxtını katib və ya hakimdən öyrənə bilərəm. Amma vətəndaş üçün bu, çətindir. Mənim hələ də yadıma gəlmir ki, Bakı Apelyasiya Məhkəməsindən, Nəsimi Rayon Məhkəməsindən məhkəmənin vaxtını ya da hakimin kim olduğunu öyrənə bilim. Bunu öyrənmək üçün mütləq ora getməli oluram”, – deyə o bildirib.

Vəkil İlhamə Həsənova da bildirişlərin gecikməsi kimi hallarla qarşılaşdığını deyib. İ.Həsənova bu problemin yaranmasına şərait yaradan səbəblərdən danışıb: “Hazırda SMS bildirişlər, eyni zamanda elektron kabinetlərin olması bu problemi aradan qaldırır. Vəkil olaraq çox zaman işləri elektron kabinet vasitəsi ilə özümüz görürük. Hansı məhkəmə elektron məhkəmə sisteminə qoşulubsa, orada rahat olur. Biz özümüz onu izləyirik. Amma bir çox hallarda bildirişlər poçt vasitəsilə göndərilibsə, SMS gəlmir. Hətta məhkəmə günü və ya məhkmədən bir gün sonra bildiriş gəlməsi kimi hallara şahid olmuşam. Halbuki qanunvericiliyin tələbinə görə, məhkəmə bildirişi ən azı bir həftə əvvəldən gəlməlidir ki, tərəf məhkəməyə hazırlaşa bilsin. Bu problem məhkəmələrin iş yükünün artıq dərəcədə çox olması, bəzi hakimlərin işi yetərincə nəzarətdə saxlamaması, yaxud qanunvericiliyin tərəflərə bildirişi məhkəmədən ən az 10 gün əvvəl göndərmək barədə tələbinə əməl edilməməsi səbəbindən yaranır”.

Açıklama yok.

Məhkəmə Hüquq-Şurasının sektor müdiri Seyfəlpaşa Əliyev e-huquq.az-a açıqlamasında bildirib ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclasları barədə məlumat tərəflərə SMS bildirişlər vasitəsilə çatdırılır: “Qeyd edim ki, ölkə üzrə məhkəmələrin 70 faizə qədəri bu sistemə qoşulub. Vətəndaşın əlaqə vasitələri olmadıqda, yaxud Elektron məhkəmənin tətbiq olunmadığı məhkəmələrdə məhkəmə bildirişləri poçt vasitəsilə göndərilir. Bu zaman vətəndaşların bildirişləri vaxtında almaması müxtəlif səbəblərdən, o cümlədən poçtda yaranmış problemlər, vətəndaşın ünvanının müəyyən olunmaması və s. bağlı ola bilər. Əgər belə gecikdirmə halları məhkəmənin səhvi ucbatından olduqda konkret halların araşdırılması üçün vətəndaşlar Məhkəmə-Hüquq Şurasına yaxud icra intizamının yoxlanılması ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edə bilərlər. Hər bir halda məhkəmə iclası barədə məlumatı vaxtında almayan vətəndaşlar iclasın təxirə salınması üçün bu barədə məhkəməni məlumatlandırmalıdırlar”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin