“Dünya ölkələrində vaksinasiya aparılması neftin qiymətlərinə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Neftin qiymətinin artmasına səbəb olacaq. Bu da təbiidir. Çünki dünyada baş verən hər bir hadisəyə bazar öz reaksiyasını göstərir. Siyasi, iqtisadi, tibbi hadisələr də neftin qiymətinə öz təsirini göstərə bilir. Vaksinasiya da tibbi hadisədir. Dünyada hökm sürən pandemiya ilə bağlı atılan hər hansı bir addım da neftin qiymətinə müsbət təsir göstərmək imkanına malikdir”.
yasamal.tv xəbər verir ki, bunu publika.az-a açıqlamasında vaksinasiyanın neftin qiymətlərə təsiri barədə danışarkən, keçmiş Maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib. İqtisadçı alim bildirib ki, vaksinasiyanın başlanması pandemiyanın sonunu gətirəcək. Onun sözlərinə görə, pandemiya sonlanacaqsa, deməli, iqtisadiyyat da işləyəcək. Dünya ölkələri arasında iqtisadi əlaqələr aktivləşəcək:
“Bütövlükdə iqtisadiyyatda bir canlanma baş verəcək və neftə təlabat artacaq. Bu da o deməkdir ki, neftin qiymətləri qalxacaq. Bu da təbii hadisədir və gözləniləndir. Yəni, burada gözlənilməz, qeyri-adi heç nə yoxdur. Mən də gözləyirəm ki, mart-aprel aylarında neftin dünya bazar qiyməti 60-65, hətta 70 dollara qədər qalxması gözlənilir. Təkcə neftin yox, mavi yanacağın, qazın da qiymətlərində hansısa proseslər baş verə bilər. Artım əsasənneftin qiymətlərində olacaq. Gözlənilən budur”.
Bazarın hadisələrə həssaslığından danışan keçmiş nazir onu da əlavə edib ki, Amerika Birləşmiş Ştatlarında Co Baydenin hakimiyyətə gəlməsi, Trampın getməsi ilə İranın milli valyutası bir xeyli möhkəmlənib. Əslində heç bir şey baş verməyib:
“Artıq on gündür bu proses gedir, real öz dəyərini möhkəmləndirməkdə davam edir. Səbəni nədir, bilirlər ki, Bayden adminstrasiyasının İrana münasibəti Tramp adminstrasiyasından fərqlidir. Bayden İrana qarşı daha yumşaq davranacaq. Çünki onun çağırışlarında bu fikirlər səslənmişdi. Yəni, bazar bu qədər həssasdır. Hadisə baş verməmiş, hər hansı bir fikrin səslənməsi bazara öz təsirini göstərir”.