“2021-ci il yalnız işğaldan azad olunan ərazilərimizin bərpası və yenidənqurulması prosesinin başlaması ilə yadda qalmayacaq, eyni zamanda möhtəşəm mədəniyyət tədbirlərinin şahidi olacağıq. Çünki bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Bundan başqa, nəyinki Azərbaycanın, bütün Qafqazın mədəniyyət beşiyi olan Şuşa 28 ildən sonra Ermənistanın işğalından azad olunub, doğma yurduna qovuşub. Prezident İlham Əliyev Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. 30 ildən sonra bu qədim şəhərimizdə mədəni tədbirlərin keçirilməsi üçün hazırlıqlar başlayıb”.
yasamal.tv xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.
O vurğulayıb ki, 2021-ci il “Nizami Gəncəvi İli” elan olunması dövlətin Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayırdığı yüksək diqqətin göstəricisidir: “Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub. Bu il Nizaminin 880 illik yubileyi qeyd ediləcək. Dahi şairin yubiley tədbirləri həm Azərbaycanda, həm də xarici ölkələrdə keçiriləcək. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr veriblər.