Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Fərəh Acalova Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Nazirlikdən verilən məlumata görə, Fərəh Acalova 1980-ci ildə Bakı şəhərində anadan olub.
Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində başlayıb. 2002-2003-cü illərdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasında təhsildə gender bərabərliyi üzrə ekspert kimi fəaliyyət göstərib. 2003-2007-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində çalışıb. Həmin illərdə Azərbaycan Respublikasının Sivilizasiyalararası Alyansda iştirakı məsələlərini əlaqələndirib, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatına Azərbaycanın sədrliyi dövründə Təşkilatın humanitar, sosial və mədəniyyət məsələləri üzrə ekspert qrupuna sədrlik edib.
Son təyinatadək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
İkinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir. İngilis, rus, fransız və ispan dillərini bilir.