Şəhid Əliyev Tamerlan İqrar oğlu…
yasamal.tv xəbər verir ki, “Torpaq uğrunda ölən varsa, Vətəndir” əbəs yerə deməyiblər. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan igid və qorxmaz oğullar yetişdirir. Vətənini hər şeydən uca tutan igidlər… Bugünkü qəhrəmanımız Əliyev Tamerlan İqrar oğludur. Tamerlan 2002-ci il yanvarın 3-də Rusiyada anadan olub. Bir müddət sonra ailəsi ilə Qubaya köçən Tamerlan tez bir zamanda onu tanıyan hər kəsin sevimlisinə çevrilir. Hər yerdə fərqlənməyə çalışır. Oxuduğu məktəbdə də müəllimlərin sevgisini qazanan Tamerlan təşkilatçılıq bacarığı ilə bir çox tədbirlərdə oxuduğu təhsil ocağının adını qaldırmağı bacarır.
Tamerlan hələ azyaşlı olmasına baxmayaraq, bir çox nailiyyətlər əldə etmişdi. Hərbi xidmətə yollanan zaman sanki şəhid olacağı Tamerlanın ürəyinə danmışdı. O, hərbi xidmətə yollanmadan öncə anasına “Şəhid anası” deyə müraciət edir. Hərbi xidmətdə könüllü olaraq işğal olunmuş ərazilərimizi düşməndən xilas etmək üçün döyüşə, Füzuliyə yollanır. Döyüş bölgəsində də döyüş dostlarının sevgisini qazanır. Şəhid olduğu an dostları onun cibindən nömrələr qeyd olunmuş kiçik kitabça tapırlar. Qardaşına zəng vurub, onun şəhid olması xəbərini verirlər.
Tamerlanın anası Zümrüd xanım Daşkəsəndəki hərbi hospitala yaralı hərbiçilərə tibbi xidmət etmək üçün yenicə ezam olunmuşdu və xəbəri elə orada almışdı. Bir ana üçün oğlunun ölüm xəbərini almaq çox ağırdır. Ancaq oğlunun şəhid xəbərini almaq anaya fəxr hissi yaşadır. Çünki ana bilir ki, oğlu müqəddəs amal uğrunda vuruşub və şəhid olaraq şəhadətə yüksəlib. Bu, hər bir şəhid anasını rahatladır. Eləcə də Tamerlanın anasını…
Nur içində yat, Tamerlan! Unudulmayacaqsan!
Aydan Aslan Yakubova
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz:
055-212-35-55 WHATSAPP