Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev yazır…
Hər il olduğu kimi bu ilin avqust ayından başlayaraq, orta məktəblərin 1-ci sinfinə şagird qəbulu üçün sənəd hazırlayan valideynlər qeydiyyat məsələsində ciddi problemlərlə üzləşirlər. Tələb olunan sənədlərdən biri də şagirdin sənəd verdiyi məktəbə yaxın bir ünvanda qeydiyyatda olmasıdır. Məlumdur ki, Bakı və Abşeron ərazilərində yüz minlərlə çıxarışsız evlər mövcuddur. Çıxarışın olmaması səbəbindən isə vətəndaşların öz evlərinə qeydiyyata düşməsi müşkül bir məsələyə çevrilib.
Vətəndaş öz çıxarışsız mənzilinə qeydiyyata düşmək üçün ya məhkəməyə müraciət etməli, ya da hansısa qeyri-qanuni əmələ əl atmalıdır. Qanuna əsasən, ünvana qeydiyyata düşmək anlayışı həmin mülkə sahib olmaq demək deyil. Yəni, vətəndaşın bir ünvanda qeydiyyatının olması onun həmin mülk üzərində mülkiyyət hüququna sahib olması sayılmır. Bu gün təkcə Bakı və Abşeronda qeydiyyatda olmadan milyondan artıq insan yaşayır.
Qeydiyyat nə deməkdir?
Qeydiyyat vətəndaşa dövlət tərəfindən çatımlılıq, eyni zamanda həmin vətəndaşa əlçatan olmaq üçün daimi və müvəqqəti yaşamaq niyyətində olduğu ünvanı müəyyənləşdirən bir amildir. Məsələn, bir əsgərin qeydiyyat ünvanı xidməti dövrdə xidmət etdiyi hərbi hissə olur. Yəni, o əsgərin adına gələn məktub və digər sənədlər onun yaşadığı evə deyil, onun xidmət etdiyi ünvana gəlir. Çünki məlumdur ki, həmin əsgər xidməti bitənə qədər xidmət etdiyi ünvanda olmalıdır.
Bəs bu gün yaşadığı ünvanda qeydiyyatsız yaşayan vətəndaşlara çatımlılıq hansı formadadır? Həmin vətəndaşa gələn məktub, məhkəmə çagırışları, seçkilər zamanı səsvermə və digər sənədlərin çatımlılıgı hansı formada aparılır?
Bu məsələ uzun illər böyük problem olaraq qalsa da, ötən il prezident İlham Əliyevin tapşırığı ilə 400 yeni tikili çoxmənzilli binalara çıxarışların verilməsi məsələsi öz həllini tapdı. Nəticədə minlərlə insanın həm çıxarış, həm də qeydiyyat problemi öz həllini tapdı.
Ölkə başçısının hər kəsin arzusunda olduğu növbəti tapşırığı isə sənədsiz həyət evlərinə əmlak amnistiyası verilərək, onların çıxarışlarla təmin olunması oldu. Çıxarışı olmayan çoxmənzilli yeni tikili binalara çıxarışların verilməsi qısa zaman ərzində baş versə də, koronavirus pandemiyası səbəbindən fərdi həyət evlərinə çıxarışların verilməsi xeyli vaxt yubandı.
Ümid edək ki, ən qısa zamanda bu problem öz həllini tapacaq. Sözügedən halların gələcəkdə də baş verməməsi üçün sənədləşmə məsələlərinə ciddi dəyişikliklər olunmalı və bütün prosedur qaydaları sadələşməlidir. Bu halda nə amnistiyaya ehtiyac qalacaq, nə də vətəndaşlar bu cür problemlərlə üzləşəcəklər.
yasamal.tv