Azərbaycan Qiymətləndiricilər Palatası daşınmaz əmlak bazarında baş verən süni qiymət artımının qarşısını alacaq

31


Daşınmaz əmlak bazarında uzun illərdir ki, süni və təbii formada qiymət artımları baş verir. Bu süni qiymət artımına rəvac verən bir sıra amillər var ki, onlardan bəziləri bir zamanlar daşınmaz əmlaklara süni formada şişirdilmiş qiymətləndirmə rəyləri vermək və əmlak bazarında fəaliyyət göstərən bəzi vasitəçilərin əmlakları reallığa uyğun olmayan, fantastik baha qiymətlərə satışa çıxarmaları olub. Artıq Azərbaycan Qiymətləndiricilər Palatası rəsmi formada fəaliyyətə başlayıb. AQP-nin rəsmi fəaliyyətə başladığı günə qədər istənilən qiymətləndirmə şirkəti qiymətləndirmə rəyi verə bilərdi. Lakin, yeni qanunvericiliyə əsasən Qiymətləndirmə fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər bu fəaliyyətlə məşğul olmaq üçün mütləq şəkildə Dövlət İmtahan Mərkəzində qiymətləndirmə sahəsi ilə bağlı imtahan verməli, imtahandan müvəffəqiyyətlə keçə bilən şəxslər daha sonradan isə Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olmalıdır. Tələb və qaydaların dəyişdirilməsi isə birmənalı olaraq qeyri-peşəkarları bu sahədən uzaqlaşdıracaq ki, bu da öz növbəsində qiymətləndirmə sahəsində yalnız peşəkarların olacağından və əmlak bazarında şəffaf qiymətləndirmələrin aparılacağından xəbər verir. Bu isə, öz növbəsində süni qiymət artımının qarşısını alacaqdır.

Hörmətlə, AQP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Fərzəliyev.