Hacıyeva Səmra Elxan
“Çıraqqala-Şabran” Dövlət
Tarix Mədəniyyət Qoruğu
Böyük elmi işçi
Ağyazı abidəsi
Şabran rayonu Əmirxanlı və Qozağacı kəndlərinə gedən yolun ayrıcında, əzəmətli Çıraqqala abidəsinin yerləşdiyi dağ silsiləsinin 3-4 km qərbində, Qarabağlı kəndindən cənub qərbdə yerləşən Ağyazı adı ilə tanınan sahənin bir hissəsində üzüm bağının şumlanması zamanı maddi mədəniyyət nümunələri üzə çıxmışdır. Onların çoxu dağıdılmış, yaxşı vəziyyətdə olan,diqqəti cəlb edənləri isə fəhlələr özləri üçün götürmüşlər. Tapıntıların qalan hissəsi isə o vaxtki Azərbaycan SSR Elmlər Akademiyasının İncəsənət və Memarlıq İnstitutunun baş memarı N.Əliyev tərəfindən əldə edilib Arxeologiya və Etnoqrafiya sektoruna təqdim edilmişdir.
1973-cü ilin may ayında bu sahəni yerində araşdırmaq məqsədilə təşkil edilmiş səfər zamanı ilkin tədqiqatlar aparılmış, materiallar toplanmış və əvvəllər burada işləmiş fəhlələrlə söhbət edilmişdir. Əldə edilmiş məlumatlara və materiallara əsasən müəyyən edilmişdir ki, bu ərazidə qədim yaşayış yeri və qəbirstanlıq olmuşdur.
80-ci illərdə Azərbaycanın şimal şərq rayonlarında, o cümlədən Şabran rayonu arxeoloji cəhətdən çox zəif öyrənilmişdir. Həmin dövr üçün Çıraqqala və bəzi təsadüfi tapıntılardan savayı Şabran rayonunda heç bir tədqiqat işləri aparılmamışdır. Bunun üçün də o dövrdə Ağyazı abidəsinin əhəmiyyəti böyükdür.
Bütün bunlara baxmayaraq, 80-ci illərdə Şabran rayonu ərazisində Ağyazı materialları və Çıraqqaladan 3 km aralı olan Meşrif kəndindən təsadüfən tapılmış və içərisində 9 ədəd tunc təbərzin balta olan tunc qab diqqətəlayiqdir. Qeyd etmək lazımdır ki, eradan əvvəl II minilliyin axırı və I minilliyin əvvəllərində Azərbaycan üçün səciyyəvi sayılan tuncdan hazırlanmış təbərzin baltaların və eradan əvvəlki VIII-VI əsrlərə aid edilən tunc təbəqədən mıxçalarla bəndlənərək hazırlanmış baltalar yerləşən Şimali Qafqaz mənşəli qabın Ağyazı abidəsinin dövrünü müəyyən etməkdə əhəmiyyəti vardır. Bu tapıntılar göstərir ki, Dəmir dövrünün əvvəllərində Azərbaycanın bu hissəsində də metallurgiya yüksək inkişaf etmişdir. Ağyazıda ilkin tədqiqatlar zamanı xeyli maddi mədəniyyət nümunələri, müxtəlif məişət əşyaları qırıqlarının bir qismi toplanmışdır. Bu ərazidə dən daşları və sürtgəclər daha çoxdur.
Ağyazıda şumlanma zamanı üzə çıxan çoxlu daş daşınmış və tikinti materialı kimi istifadə edilmişdir. Burada çay daşlarının çox tapılması ondan inşaat materialı kimi geniş istifadə olunduğunu göstərir.