Yetkinlik yaşına çatmayan şəxslərə təyin edilən cəza və tərbiyəvi xarakterli məcburi tədbirlərin xüsusiyyətləri

23

Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Ümumilikdə CM-də 12 cəza növü vardır ki, həmin cəzalardan yalnız 5 növ cəza yetkinlik yaşına çatmayan şəxslərə təyin edilə bilir. Həmin cəza növləri cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmədir.

Cərimə, yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayana təyin edilir. Cərimə altı yüz manatadək miqdarda təyin edilir. İctimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.

İslah işləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiş miqdarda, beş faizdən iyirmi faizə qədər pul dövlət nəfinə tutulur.

Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir

Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir.

Yetkinlik yaşına çatmayan şəxslər ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər və onlara 4 növ tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər: xəbərdarlıq; valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək; vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək; yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək.

Xəbərdarlıq yetkinlik yaşına çatmayana onun əməli nəticəsində vurulmuş ziyanın və təkrar cinayət törətməyin nəticələrinin izah edilməsindən ibarətdir.

Nəzarətə götürmə valideynlərin və ya onları əvəz edən şəxslərin yaxud müvafiq icra hakimiyyəti orqanının üzərinə yetkinlik yaşına çatmayana tərbiyəvi təsir göstərmək və onun davranışına nəzarət etmək vəzifəsi qoyulmasından ibarətdir.

Vurulmuş ziyanı aradan qaldırmaq vəzifəsi yetkinlik yaşına çatmayanın əmlak vəziyyəti və müvafiq əmək vərdişlərinə malik olması nəzərə alınmaqla onun üzərinə qoyulur.

Asudə vaxtın məhdudlaşdırılması və yetkinlik yaşına çatmayanın davranışına xüsusi tələblərin qoyulması onun müəyyən yerlərə getməməsini, asudə vaxtdan istifadənin müəyyən formalarını, o cümlədən mexaniki nəqliyyat vasitələrinin idarə olunmamasını, günün müəyyən vaxtlarından sonra evdən kənarda olmamasını, müvafiq dövlət orqanının icazəsi olmadan başqa ərazilərə getməməsini nəzərdə tuta bilər. Yetkinlik yaşına çatmayana həmçinin təhsilini davam etdirmək və ya müvafiq icra hakimiyyəti orqanının köməyi ilə işə düzəlmək vəzifəsi və digər tədbirlər də müəyyən edilə bilər.

Yetkinlik yaşına çatmayana eyni vaxtda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Qeyd olunan tədbirlərin tətbiq edilməsində məqsəd cinayət əməli törətmiş yetkinlik yaşına çatmayan şəxsdə şəxsi məsuliyyət hissini inkişaf etdirərək onu cəmiyyətə qaytarmaq və onların düzgün inkişafına kömək etməkdir.

Əgər yetkinlik yaşına çatmayan tərbiyəvi xarakterli məcburi tədbirləri mütəmadi olaraq yerinə yetirmədikdə, müvafiq dövlət orqanının təqdimatı əsasında həmin tədbirlər ləğv edilir və materiallar yetkinlik yaşına çatmayanın cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəməyə göndərilir.