Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə “Mən dünyada müəllimdən yüksək ad tanımıram!” adlı tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA Mexanika və Riyaziyyat İnsitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, şəhid ailə üzvləri və Yasamal rayonununda fəaliyyət göstərən təhsil müəssisələrinin müəllim kollektivi iştirak edib.
Tədbirdə ilk öncə Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının inzibati binasında yerləşən ulu öndər Heydər Əliyevin büstü önünüə gül dəsətləri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü” ilə bağlı videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Bu gün Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə qayğıları, diqqətləri təhsil ocaqlarında yaradılan şərait müasir standartlara uyğun sinif otaqlarının və inzibati binaların istifadəyə verilməsi uğurlu gələcəyimizdən xəbər verir. İşğaldan azad olunmuş torpaqlarımızda da yeni təhsil olcaqlarının təməlinin qoyulması və istifadəyə verilməsi, bunda da Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı xüsusi olaraq qürurverici olmaqla bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verir. Bəxtiyar Nəbiyev çıxışının sonunda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri təbrik edərək onlara gələcək predaqoji fəaliyyətlərində uğurlar arzu edib.
Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA Mexanika və Riyaziyyat İnsitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov qeyd edib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmış, onu yüksək qiymətləndirmişlər ulu öndər Heydər Əliyevin vaxtilə uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil sahəsində islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Bu istiqamətdə Prezident İlham Əliyevin uğurlu fəaliyyəti xalqımız tərəfindən təqdir edilir. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox önəmli layihə və proqramlar həyata keçirilir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov çıxış edərək qeyd edib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar isə cəmiyyəti daha da inkişaf etdirir, onu irəli aparır. Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir!” dahi kəlamına istinad edərək bildirib ki, Ümummilli Lider ölkəmizdə iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin tərəqqisini təmin edib, gələcək inkişaf üçün güclü təməl yaradıb. Bu gün ümummilli lider Heydər Əliyevin yaratdığı möhkəm təməl Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Tədbirdə Milli Məclisin deputatları Ülvi Quliyev və Göydəniz Qəhrəmanov çıxış edərək qeyd edilib ki, bu gün sivil ölkələr sırasında Azərbaycanı nüfuzlu dövlət kimi görürüksə, demək, dövlətin güclü silahı olan elmi inkişafdadır. Ölkə rəhbərliyi tərəfindən atılan addımlar bu sahənin daha da inkişafına yönəlmişdir. İyirmi birinci yüzillik elm və informasiya əsri olduğundan, sürətli inkişafda Azərbaycan da təhsilini dünya səviyyəsində qurur. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb. Çıxışlarında elm, təhsilin inkişafında və müəllim kollektivinin dövlət qayğısı ilə əhatə olunmasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs ediblər.
Yekun nitqlə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunan təhsilimizin inkişafı, keyfiyyət göstəricilərinin artırılması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Son illər məhz təhsil sahəsində gedən inkişaf, təhsilin bütün sahələrində islahatların daha da genişlənməsi və təhsilimizin aparıcı qüvvəsi olan müəllim kontingentinə sərgilənən diqqət və qayğı bu sahədə olan inkişafın əhatəsinin geniş olmasından xəbər verir. Azərbaycanın vətənpərvər gəncləri əldə olunan Zəfərlərlə torpaqlarımızı azad edərək xalqımıza zəfər sevincini yaşatdılar. Danılmaz faktr ki, bizə qələbə sevincini yaşadan hər gəncin bu qədər vətənpərvər ruhlu olmasında müəllimin əməyi əvəzsizdir və bir daha sübut olundu ki, uzun illər ərzindəki fəaliyyət nəticəsində qarşıya qoyulan vətənin keşiyində duran, torpaqlarımız, ümummilli dəyərlərimiz üçün canından keçən vətəndaşlar yetişdirməyə nail olunub.
Tədbirin sonunda bir qrup müəllim heyətinə fəxri fərman və hədiyyələr təqdim edilib.
Sonra Yeni Azərbaycan Partiyasının Himni səslənidirlib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
YAP Yasamal
Yasamal Rayon İcra Hakimiyyəti
























































