Kassasiya şikayəti hansı müddətə verilməlidir?

19

Kassasiya şikayətlərinin verilmə müddətləri mülki və cinayət işləri üzrə fərqlidir.

Mülki məhkəmə icraatı qaydasında apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;

2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində

Cinayət məhkəmə icraatı qaydasında Kassasiya şikayətlərinin verilmə müddətləri

Kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı müddətlərdə verilir:

• Apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı, həmin şəxsə verildiyi gündən 1 ay müddətində;

• Bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından – onların çıxarıldığı gündən 3 ay müddətində;

• Daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 ay müddətində;

• Məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı, həmin şəxsə verildiyi gündən 12 ay müddətində.

Qeyd edilən müddətlərin üzrlü səbəblərdən ötürüldüyü hallarda müddətin bərpası ilə bağlı məhkəməyə vəsatət verilə bilər.