COP29-da 80 minə yaxın TURİST GƏLƏCƏK: Evlərin qiyməti BAHALAŞACAQ? – AÇIQLAMA

32

Bakıda gerçəkləşəcək COP29 tədbiri ilə əlaqədar hazırlıqlar davam edir. Paytaxtda 80 minə yaxın turistin gələcəyi gözlənilir və bu rəqəmin artacağı bildirilir. COP29 tədbiri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Paytaxtda sıxlığın qarşısını almaq, gələn qonaqların təhlükəsizlyini təmin etmək məqsədilə tədbirlər həyata keçirir. Həmin ərəfədə məktəblərdə payız tətilinin müddəti uzadılıb və bir sıra şadlıq saraylarında toylar təxirə salınıb.

Bu gün daşınmaz əmlak bazarında qiymətlərdə artım müşahidə olunur. COP29-da 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq. Həmin turistlərin axını daşınmaz əmlak bazarına necə təsir edəcək? Qiymət artımı gözlənilirmi?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, Azərbaycanda hər il müxtəlif formada tədbirlər keçirilir. Bu tədbirlərə hər il qonaq qismində turistlər gəlir. Lakin COP29 Azərbaycanda keçiriləcək ən böyük tədbirlərdən biridir:

“Tədbirə qonaq gələcək insanların sayı bəzi rəqəmlərə görə, 80 minə yaxındır. Bu rəqəmin isə artacağı ehtimal edilir. Əgər hansısa bir dövlət tədbiri baş verirsə, dövlət öz işini əvvəldən tənzimləyir. Gələn bütün qonaqlar ilə bağlı hazırlıq işləri görülür. Ölkəyə turist qismində yaxud tədbirə gələn rəsmi şəxslərin gəlməsi, tədbirin davam etməsi ortalama 12-15 gün çəkəcək. Bunun əmlak bazarında ciddi qiymət artımına səbəb olacağını düşünmürəm. Burada yalnız qiymət artımı gündəlik verilən kirayə evlərdə və otellərdə ola bilər. Tədbirə gələn insanlar iştirak edib geri dönəcəklər. Bunun əmlakların satışı ilə heç bir əlaqəsi yoxdur”.

Ekspertin sözlərinə görə, dünya ölkələrindən əmlak alan xarici vətəndaşlar həmin ölkə ərazisində zamanla gəzintilər keçirirlər. Ölkənin təbiəti və şəraiti xoşlarına gəlibsə, həmin xarici vətəndaşlar oradan daşınmaz əmlaklar alırlar:

“Azərbaycanda da bu belədir. Azərbaycanlılar xarici ölkələrə müxtəlif səfərlər edirlər. Bəyəndikləri ölkələrdə isə daşınmaz əmlaklara investisiya qoyurlar. Azərbaycana turist qismində gələn minlərlə xarici vətəndaş işlə əlaqədar, yaşamaq üçün hər hansı daşınmaz əmlaka yatırım edirlər. Bu Azərbaycanın əmlak bazarına müsbət təsir edəcək. Hal-hazırda COP29 tədbirinə qədər paytaxt Bakı şəhərində yerləşən binaların fasad boyaları dəyişilir və təmir-bərpa işləri gedir. Hər hansısa çoxmənzilli binaya əlavə xərc qoyulursa, xarici görkəmi gözəlləşirsə bu satış qiymətlərinə öz təsirini göstərir və artıma gətirib çıxarır. Həmin binaların restavrasiyası onlara olan tələbatı artıracaq”.

Sevda Səfərova