AĞCABƏDİNİN QƏSƏBƏ VƏ KƏNDLƏRİ
Ağcabədi kəndlərinin toponimiyası
Ağcabədi rayonu qırx dörd kəndi və bir qəsəbəni – (Hindarx qəsəbəsi) özündə birləşdirir. Bu kəndlərin toponimiyasının araşdırılması onun dörd model əsasında yarandığını göstərir.
Kənd adlarını öz mənşəyi etibarı ilə dörd qrupa bölmək olar:
I. Tayfa və nəsil adı ilə bağlı olan kəndlər:
Kəbirli, Avşar, Aşağı Avşar, Boyad, Qaradolaq, Yeni Qaradolaq,
Muğanlı, Şahsevən, Hacılar, Qaraxanlı, Qaravəlli, Qiyaməddinli,
Yuxarı Qiyaməddinli, Mehrablı, Poladlı (bu kənd Şahsevən tayfasının bir qoludur), Sarıcalı, Kürdlər, Şahsevən, Şotlanlı.
II. Şəxs adları ilə bağlı olan kəndlər:
Hüsülü, Pərioğullar, Hacıbədəlli, Cəfərbəyli, Salmanbəyli, İmamqulubəyli, Nəcəfqulubəyli, Şərəfxanlı, Xocavənd,
Mirzəhaqverdili, Şahmallar, Ağabəyli.
III. Peşə adı ilə bağlı olan kəndlər:
Rəncbərlər, Sarvanlar, Minəxorlu, Kəhrizli
IV. Coğrafi adlar ilə bağlı olan kəndlər:
Aran, Şənlik, Hindarx, Biləqan, Arasbar, Köyük, Təzəkənd, Taynaq,
Gələbədin.
Ağcabədinin tarixinə nəzər salanda məlum olur ki, keçən yüzillikdə bir neçə yaşayış məntəqəsinin adı dəyişdiyinə görə rayonun xəritəsinə düşməyib.Məsələn, Muğanlı camaatı əvvəllər Kürün qırağında yaşamış, yeddi kicik kənddən –obadan ibarət olmuşdur: Körpü kəndi, Mollalar, Uzunoba, Mayıllı, Qaracanlar, Ürgün və Alıqulular.
1938-cı ildə Kürün qırağında yaşayan Qaradolaq camaatı ilə bərabər onlarda oradan əvvəl Qaradolaq kəndinin indiki ərazisinə və Aran kəndi ərazisinə, sonra isə indi cəm halda
yaşadıqları Şənlik kəndi ərazisinə köçmüşlər.
Qaradolaq kəndi də 19 obadan: – Nəcəfqulubəyli, Hacı Qurbanlı, Mehrablı, Atakişibəyli, Abışbəylı, Can-canlı, Tağılar, Əmirallılar, Döylər, Xasaybəyli Sadıqbəyli, Qulamlı, Şahsevənli, Həzirələr, Mirzələr, Həşimli, Mənsimli, İmirli obasından ibarət olmaqla Kürün qırağında yaşayırdılar. 1938-ci ildə Kürün daşqınından sonra həmin obalar hamısı Qaradolaq kəndinin indiki ərazisinə köcüb üc kənddə birləşdi: Qaradolaq,Yeni Qaradolaq və Mehrablı.
Bərdə rayonunun Lənbəran kəndi 1940-cı illərin əvvəlinə qədər Ağcabədi rayonunun tabeliyində olmuş, sonra Bərdə rayonun tabeliyinə verilmişdi. XIX əsrin əvvəllərində Sarvanlar kəndi yaxınlığında Piyada Qurbanlı adına kənd olubdu. Bəziləri elə bilir ki, Piyada Qurbanlı kəndi Sarvanlar kəndinin yerində olub və həmin kəndin ilk adıdır.
Lakin tarixi sənədlər göstərir ki, əslində belə deyil. 1863-cü ilin əhalinin kameralın siyahısına görə, həmin il əhalinin siyahıya alınmasında Piyada Qurbanlı kəndi ilə Sarvanlar kəndinin hər ikisinin adı bir siyahıda cəkilir. Piyada Qurbanlıda 7 evin, Sarvanlar kəndində isə dörd evin olması əhalinin sayı isə Piyada Qurbanlıda 54, Sarvanlarda 18 nəfərin yaşadığı göstərilir .
XIX əsrin sonlarında tədricən həmin kəndin əhalisi köçüb Sarvanalar
kəndində məskunlaşmışdır. Şərəfxanlı kəndinin lap yaxınlığında Məğriblər adlı kənd olmuş, XX əsrin əvvəllərində Şərəfxanlı camaatı indiki yerində məskunlaşandan sonra Məğriblər kəndinin adamları da köcüb Şərəfxanlı kəndində və ətraf kəndlərdə məskunlaşmışdılar.
Cəfərbəyli kəndi yaxınlığında Qiyamballı adında kənd olmuş, XIX əsrin sonlarında həmin kənd tamamilə köcüb Cəfərbəyli kəndinə birləşmişdir.
Pərioğullular kəndi yaxınlığında isə XX əsrin əvvəllərində Məmişbəyli adına kənd, hətta ibtidai məktəb də olmuş, ötən əsrin otuzuncu illərində dağılıb ətraf kəndlərə birləşmişdir.
Minəxorlu kəndi yaxılığında isə XIX əsrdə Doyuran adlı böyük kənd
olmuş, həmin yerdə Ərazi kənd cəmiyyəti kimi qeydə alınmışdır. Ötən əsrin iyirminci illərinin ortalarında kəndin adamları ətraf kəndlərə, xüsusilə Minəxorlu kəndinıə köçmüşdür.
Bundan başqa, 1917-ci il Qafqaz təqvimində Hindarx ərazi kənd cəmiyyətin də Qarahacılı, Səhləbad və Arazxanlı adında kəndlər də qeydə alınmışdır .
Ağcabədi kəndlərinin yaranma tarixi, toponimiyası haqqında ətraflı
məlumat əldə etmək hər zaman olduğu kimi bu gün də mühüm əhəmiyyət kəsb edir. Ağcabədililər səhifəsi
