Azərbaycan və Avstriya arasında Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya yükdaşımaların səmərəli təşkili müzakirə edilib.
Bloger.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov “Facebook” sosial şəbəkəsində hesabında bildirib.
“Vyanada Avstriya Federal Dəmir Yolları şirkətinin İdarə Heyətinin sədri Andreas Matthe və bu ölkənin qabaqcıl nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdik, Orta Dəhliz çərçivəsində Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkili, eyni zamanda modernləşdirilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin geniş imkanları ilə bağlı müzakirələr apardıq”, – deyə o qeyd edib.
ADY-nun bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə əməkdaşlığın mövcud vəziyyəti və Orta Dəhliz çərçivəsində Çinlə Avropa arasında yükdaşımaların səmərəli təşkilində və geriyə yüklərin formalaşdırılmasında birgə əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparılıb, həmçinin Qara Dəniz limanlarından Avropanın müxtəlif ölkələrinə daşımaların təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması məqsədilə modernləşdirilmiş və bu yaxınlarda yükdaşımalara start verilmiş Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin geniş imkanları haqqında məlumat verilib.
Avstriya şirkətlərinin rəhbərləri Orta Dəhliz, o cümlədən BTQ-nin imkanlarından istifadəyə böyük maraq göstərdiklərini bildiriblər.