Ailəli və uşağı olan qadınların işdən bir saat tez çıxması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilməsi təklif olunub.
Bloger.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Tahir Rzayev parlamentin mayın 24-də keçirilən plenar iclasında çıxış edib.
Onun sözlərinə görə, qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir:
“İşdən gəldikdən sonra isə ev işləri və övladının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, təntiyir, yorulur, əldən düşür. Bəzi qadınlar Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür etmək elə də çətin deyil”.