22 may 2024-cü il tarixində Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin Gənc İdarəsi, Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu və İstanbul Azərbaycan Mədəniyyət Evinin dəstəyi ilə Marmara Universiteti Fikir Talimi Klubu tərəfindən Azərbaycan Müstəqillik Günü Cümhuriyyətin elan olunmasının 106-cı ildönümünə həsr olunmuş Azərbaycan Mədəniyyət Görüşləri tədbiri keçirilib.
Bloger.az xəbər verir ki, Ayşe Süreyya Özavar sədri, idarə heyəti üzvləri isə Ayşe Sevgi Hacaloğlu, Belkıs Eser, Serpil Suğcu, Melisa Cabiroğlu, Yasin Demirtaş, Ahmet Faruk İlhan, Melike Caner, Berna Bilgiç, Zeynep Dilan Yılmaz, Nedime Tümürlenk, Ümmühan Özgüler, Erdem Ak , İpek Erdem, Leylanur Kıvanç, Sevilay Serin, Fatma Nur Alçep, Boburmirzo Hakimov, Muhammet Şamil Kasımay, Eda Akpınarın təşkilatçılığı ilə Azərbaycanın Müstəqillik Günü və Cümhuriyyətin elan edilməsinin 106-cı ildönümünə həsr olunmuş Azərbaycan Mədəniyyət Görüşləri tədbiri keçirilib. Onu da deyək ki, Ayşe Sevgi Hacaloğlu həm də “Əbədi Birlik” Gənclər İctimai Birliyinin Türk dünyası komitəsinin rəhbəridir.
Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayan tədbir dövlət himnləri oxunduqdan sonra protokolun salamlama çıxışları ilə davam etmiş, ardından klub tərəfindən plaketlər təqdim olunub.
Qonaqlar arasında Azərbaycan Respublikasının İstanbul konsulu Sevinc Süleymanova, Marmara Universiteti Türkşünaslıq İnstitutunun direktoru, Prof. Dr. Okan Yeşilot və Müdir Köməkçisi Dos. Dr. Mehdi Genceli, Türkiyə Respublikası Gənclər və İdman Nazirliyi Maltepe Gənclik Mərkəzinin direktoru Korhan Dəmirkol, Siyasi Elmlər Fakültəsi Dekanı Prof. Dr. Nail Yılmaz, Dekan müavini Dos. Dr. Muhammet Erdal Okutan, İstanbul Azərbaycan Kültür Evinin sədri Hikmət Elp, Sidney Universitetinin professoru Prof. Dr. Şəmsəddin Necati kimi əhəmiyyətli şəxslər iştirak edib.
Qonaqlar Azərbaycan mahnılarından tutmuş rəqslərə, yemək süfrələrindən Şərq guşəsinə qədər Azərbaycan ruhunun yaşadıldığı tədbirdə Odlar Yurdunun zənginliklərindən gözlərini ala bilməmiş və böyük bir maraq göstəriblər.
Azərbaycanı unutmayan, qardaşlığımızın dəyərlərini qoruyan dəyərli Türk gənclərinə və dəyərli Fikir Talimi Klubuna sonsuz təşəkkürlər.
Müstəqillik günün mübarək olsun, əziz Azərbaycan!








