Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri artırıb

24

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə 131 milyon manat vəsait köçürüb.

Mrb.az-ın məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,5 % çoxdur.

10 aylıq ödənişin 103,8 milyon manatı özəlləşdirmə, 27,2 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar isə 1 il əvvələ nisbətən 41,6 % və 26,7 % çoxdur.

Hesabat dövründə Dövlət Xidməti 49 özəlləşdirmə hərracı (7,6 % az) keçirib. Həmin hərraclarda 9 səhmdar cəmiyyətinin (35,7 % az) səhm paketi, 14 kiçik dövlət müəssisəsi (7,7 % çox), 3 yarımçıq tikili (50 % çox), 443 nəqliyyat vasitəsi (6,3 % az) özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 275 elektron sifariş (21,9 % az) qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 59 onlayn qoşulma (37,2% az) reallaşıb.

Ötən 10 ayda 2 868 yeni icarə müqaviləsi (14,1 % az) bağlanılıb. Bunlardan 693-ü qeyri-yaşayış (1,7 % az), 2 175-i isə torpaq sahələrinə (17,5 % az) dair olub.