Həbsdəki şəxslərə sənədlərin çatdırılma qaydası hazırlanıb

15

Tutulmuş və ya həbs edilmiş şəxslərin ünvanına daxil olan prosessual sənədlərin surətləri həbs yerlərinin müdiriyyəti tərəfindən onlara çatdırılmalıdır.

Mrb.az xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Prosessual sənədin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini yaşadığı yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarəetmə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə prosessual sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və həmin sənədi mümkün olan ən qısa müddətdə ünvan sahibinə verməlidir.