Ev Blog Səhifə 3392

“23 ildir ölən qardaşımın uşağını mənə göstərmirlər” – Əməkdar artist

“Qardaşımı evində qətlə yetiriblər. İllərdir bir arzum var ki, onu niyə öldürdüklərini bilim”.

“Bir dostunu tutdular, indi həbsdən çıxıb da. Mənə xəbər göndərdi ki, çıxanda onu niyə və kimin öldürdüyünü deyim. Sona kimi boynuna almadı ki, mən öldürmüşəm. Amma onun üstündə qardaşımın qanı, cibində isə pul və qızıllar olub. Analarımız da rəfiqə idi. 1997-ci ildən indiyənə kimi səbəb bilinmir. O, dedi ki, kiminsə günahını üstümə götürdüm. Yeganə qardaşım idi”.

Axşam.az xbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova “Space TV”də yayımlanan “Gəl dərdini danış” verilişində deyib. Aktrisa illər əvvəl qətlə yetirilən qardaşından bəhs edib:

“Qardaşım öldürüləndə uşağı yeni doğulmuşdu. 40-ı çıxmamışdı deyə, yoldaşı anası evində idi. Qardaşım onu öldürən dostu Fuadla qalırdı. Qardaşım bərbərxanada işləyirdi, şəhərin ən zəngin adamları onun yanına gedirdilər. Ölməzdən bir neçə gün əvvəl Fuad ondan pul istəmişdi. Yatdığı yerdə qardaşımın başına butulka ilə vurmuşdu”.

Orucova gəlinlərinin qardaşının uşağını ona göstərmədiyini söyləyib:

“Gəlin hadisədə bizi günahlandırırdı. Oğlana atamın adını – Malik qoymuşduq. Nə qədər cəhd edirəm uşağı göstərmir bizə. Aramızda ev söhbəti oldu. Elə bildi ki, qardaşım öləndən sonra evi alacam əlindən. Amma etməzdim, həmin ev də ona qaldı. Eşitmişəm ki, uşaq Moskvada oxuyur, 23 yaşı var. Uşaq olanda gedib-gəlirdim, oyuncaq aparırdım. Gəlin dedi ki, ehtiyacımız yoxdur oyuncaqlara. Mən də pul, ərzaq yardımı edirdim”.

Qaqarin necə öldürüldü? – Video

SSRİ dövrünü yaşayanlar xatırlayar yəqin, 12 aprel Kosmonavtika günü kimi qeyd edilirdi.

12 aprel 1961-ci ildə sovet kosmonavtı Yuri Qaqarin kosmosa uçmuş və texniki inqilaba imza atan Sovetlərin parlaq tarixini yazmışdı.

Yuri Alekseyeviç Qaqarin – ilk kosmonavt, çoxsaylı dünya şəhərlərinin fəxri vətəndaşı, Sovet İttifaqı Qəhrəmanı, idman ustası, HHQ-nin polkovniki, SSRİ Ali Sovetinin deputatı idi…

Bütün bu titullara Qaqarin cəmi 34 yaşına qədər nail olmuşdu.

9 mart 1934-cü ildə anadan olan Qaqarin 34 yaşının tamamından 18 gün sonra – 27 mart 1968-ci ildə aviaqəza nəticəsində həlak olacaqdı.

Aviaqəzadamı?

Kult.az cəmi 1,57 metrlik boyu olan bu gəncin hələ də sirr olaraq qalan ölümü ilə bağlı ATV.az-ın hazırladığı materialı təqdim edir:

Yuri Qaqarinin həlak olması haqqında yeni sənədlər

1961-ci il aprelin 12-si… XX əsrə ilk kimi düşən hadisələrdən biri… Pilot Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu tarixi uçuş cəmi 108 dəqiqə davam edib. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi “Kedr” olmuşdu.

Sirlər…

Bir müddət əvvəl pilot-kosmonavt Aleksey Arxipoviç Leonov Yuri Qaqarinin həlak olması haqqında gizli sənədləri ortaya çıxarıb. 1968-ci il martın 27-də baş verən faciənin təfərrüatları bütün dünyaya gizli qalmışdı. Leonov isə bu faciənin son versiyasını səsləndirib. Əslində bu haqda sənədlər Dövlət Komissiyası tərəfindən möhürlənmişdi. Lakin 2011-ci ildə həmin ekipajın bütün üzvləri dünyasını dəyişəndən sonra sənədlərin məxfiliyi aradan götürülür.

Aleksey Arxipoviç müəyyən şərtlərə (məsələn, şəxsi məlumatlar hissəsinin yayılmaması kimi) əməl edərək sözügedən sənədlərlə tanış olur. Bundan başqa, orijinal versiyaların kopiyalanmaması şərtlərin ən önəmlisi idi. Amma Leonov sənədlərin təsdiq edilməsinin başqa üsullarını axtarıb tapırdı. Onun ölümündən sonra uzun müddət müəmmalı qəzanın səbəblərinə dair rəsmi məlumatlar bir çoxları tərəfindən skeptik qarşılanır. Leonov, “Qaqarinin ölümü ilə həqiqəti söyləmək üçün 20 il mübarizə apardım. Qəza ilə bağlı rəsmi açıqlamada deyilir ki, guya Qaqarinin təyyarəsi ani manevr edib və yerə düşüb. Bu, tamamilə yalandır. Əslində isə hər şey fərqlidir. Qaqarinin mindiyi təyyarə havada olarkən həmin hava sahəsində başqa bir Su-15 tipli qırıcı təyyarə görünməyə başlayıb. Pilot da 450 metr hündürlüyə qalxaraq Qaqarinin təyyarəsinin 10-15 metrliyinə yaxınlaşıb. Bu da Qaqarinin təyyarəsinin yerə düşməsinə səbəb olub. Bunları mən bilirəm və hamısını şahidlər deyib. Bu anlatdıqlarım iddia deyil, Qaqarinin ölümünün əsl səbəbidir. Bunları qəzanı araşdıran komissiyanın açıqladığı gizli sənədlər də təsdiq edir. Burada gizli heç nə yoxdur” deyib.

Qaqarinin həlak olmasının səbəblərini araşdırmış Dövlət Komissiyası nəticələri o dərəcədə gizli saxlayırdı ki, hətta mövcudluğunu belə bildirmirdi. Komissiyanın bəzi materiallarında göstərilir ki, Qaqarinin uçuş zonasında əlavə təyyarə uçuşuna icazə verilmir. Lakin bu maddə sənəddən götürülüb. Hazırda tapılan sənədlərdə isə Leonovun da dediyi kimi Qaqarinin təyyarəsi havada olarkən ondan 10-20 metr məsafədə başqa təyyarənin uçuşuna icazə verilib. Ən təhlükəli məqam isə o təyyarənin səs sürətindən daha sürətli uçması idi.

Vladimir Komarov Qaqarinin ömrünü uzatdı

1968-ci il martın 3-də Jukovski adına Hərbi Hava Akademiyasının qərargahında toplaşanlar sadəcə yüksək vəzifəli şəxslər idi: Hərbi Hava Qüvvələrlərinin ali təhsil müəssisəsinin müdiri, Hərbi Hava Qüvvələrlərinin baş komandanının köməkçisi, general-leytenant, Sovet İttifaqı qəhrəmanı və başqaları. Saat 10:00-da polkovnik Qaqarin zala girir. Qısa məruzə ilə çıxış edir. Hesabatının əvvəlində nisbətən həyəcanlı idi, bütün zal ona qulaq asır, sual dolu gözlər ona dikilmişdi. Yuri öz çıxışını bitirib zaldakılara nəzər yetirir. Bir-birinin ardınca gələn suallar təkcə diplom işi ilə bağlı yox, həm də bu yaxınlarda nələrin baş verəcəyi ilə bağlı idi. Hətta zaldakılardan biri “Fibanoççi metodundan necə istifadə edirsiniz?” – deyə soruşur. Digər suallar kimi buna da dolğun və aydın cavab verilir.

Və budur, müdafiə bitir. Komissiya müdafiə aktının hazırlığı üçün müdirin kabinetində müşavirə təşkil edir. On beş dəqiqə sonra ətrafa sakitlik çökür. Komissiyanın üzvləri yenidən öz yerlərini tutur. Komissiyanın sədri hər kəs tərəfindən imzalanmış protokolu oxuyur. Nəticə “əla” olaraq qiymətləndirilir. və Qaqarin akademiyada 6 illik təhsil hüququ qazanır. Bu vaxt ərzində o kosmonavtların birinci dəstəsinin komandiri tərəfindən və Kosmonavtların Hazırlığı Mərkəzinin rəis müavini tərəfindən “İttifaq-1” kosmik raketinin uçuşu üçün hazırlaşdırılırdı. (1966-1967) Bu uçuşda Vladimir Komarovda dublyor idi. Raket orbitə çıxarılandan sonra Dövlət komissiyası komandir Qaqarinlə və ya kosmonavt Bıkovskiylə “İttifaq-2”-nin startı üçün qərar qəbul etməli idi. Amma birinci “İttifaq” orbitə çıxanda günəş batareyasının paneli açılmır. Qaqarin bu zaman əzrayilin pəncələrindən xilas olsa da, eniş sisteminin natamamlığına görə Vladimir həlak olur. Bu hadisə Qaqarinin həyatını il yarım uzadır.

Mən uçmalıyam!

Müdafiədən sonra hər kəsin əhvalı yaxşı idi. Ənənəyə görə, bu zaman şərab qədəhlərinin səsi ətrafdakı digər səsləri batırmalı idi. Qədəhlər qalxır, xidmət və təkliflərə görə təbriklər yağır. Qərargahın nümayəndəsi isə öz fikirlərini xülasə edir:

“General Kuznetsov (Kosmonavtların Hazırlığı Mərkəzinin müdiri) getməyə hazırlaşır. Yuri Aleksey, siz bu təşkilata başçılıq etmək üçün hazırsınız”.

Yuri Qaqarin isə özünə məxsus şəkildə çıxış edir:

“Mən pilot kimi özümü daha da gücləndirməliyəm və bütün şərtlərdə, gecə-gündüz uçmalıyam. Əks halda bu cür uçuş təşkilatına rəhbərlik etmək hüquqlarına malik ola bilmərəm”.

Qaqarin göylərdə həlak olur

Artıq martın 10-da Yuri təlimatçı ilə birlikdə uçmağa başlayır. 1968-ci il martın 27-si Qaqarin özünü “MİQ-17”-də sınayır. Amma bu uçuş onun əvvəlki bacarığını itirməkdə olduğunu göstərir. Yerə enən zaman düzgün hesablama apara bilmir və uzun müddət hərbi hava limanının üzərində dövrə vurmağa məcbur olur. O, yenidən kosmosa uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq gecə-gündüz hava limanından ayrılmırdı. Bununla belə, hamıya məlum idi ki, Qaqarin artıq təkbaşına uçmağa hazır deyil və bu, onu faciəyə doğru aparır. 1968-ci il mart ayının 27-də Moskva vaxtı ilə saat 10:18-də Qaqarin ve Seryogin Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna qalxırlar. Hava olduqca sakit və açıq idi. Sınaq uçuşu üçün 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma saat 10:30-da Qaqarin yerə enmək üçün icazə istəyir. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. 3 saatlıq axtarışdan sonra, saat 14:50-də təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi ətrafında tapmaq mümkün olur. Bu, artıq son idi…

Əslində nələr baş vermişdi?

Martın 27-si 1968-ci il tarixinin birmənalı izahı yoxdur. Qəzanın başvermə səbəblərinin araşdırılması üzrə 3 hökumət komissiyası yaradılıb. Daha bir komissiya mövcud idi ki, onun yaradılmasından çoxlarının xəbəri olmayıb. Bir sıra ekspertlərə görə, 4-cü komissiyada “çekistlər” işləyib, məhz onların araşdırmaları “qərəzsiz” olub. Əks-kəşfiyyatın arxiv materiallarına görə, Qaqarin məhz rus səhlənkarlığının və başısoyuqluğun nəticəsində həlak olub.

Fərqli fikirlər, fərziyyələr

25 il Qaqarin adına kosmonavtlar hazırlayan Mərkəzdə işləmiş və Ulduz şəhərciyinin hərbi əks-kəşfiyyat şöbəsində xidmət etmiş N. Rıbkin qeyd edirdi:

“Sənədlər arasında mən Qaqarinin təyyarəsinin qəzasına aid kağızlara rast gəldim. Mən onları diqqətlə öyrəndim. Məndə belə bir təəssürat yarandı ki, Qaqarini əlbəttə ki, məqsədyönlü şəkildə ölümə gətirməyiblər. Qaqarin ölməyib, Qaqarini qorumayıblar…”.

50-ci illərin sonlarında Qaqarinin müəllimi olmuş təlimatçı-təyyarəçi A.Kolosov xeyli fərqli düşünür:

“Nə qədər qəmli olsa da, Qaqarinin ölümünün səbəbi əsaslandırılmamış risk və səhlənkarlıqdır. Təyyarəçilər 1100-1300 metr hündürlükdə uçublar. Bu isə çox risklidir. Lakin təyyarəçilər bu riskə gediblər və uduzublar. Təyyarə buludlar arasından çıxan zaman aydın olub ki, hündürlük azdır, katapultasiya artıq gec idi. Təyyarəni şığıma vəziyyətindən çıxarmaq üçün azacıq hündürlük çatışmayıb”.

Yuri Qaqarinin böyük qardaşı Valentin Qaqarin qəzanın səbəbini belə izah edirdi:

“Düşünürəm ki, bu qəza əvvəlcədən diqqətlə işlənib hazırlanmışdı. Bir adamın üzərində həddən artıq, çox böyük şöhrət cəmlənmişdi. Onu polkovnik kimi dəfn etdilər, lakin faktiki olaraq evdə general şineli onun kürsüsündən asılmışdı. Bütün generalitet onu layiq olmadığı mövqeyi tutan adam hesab edirdi, baxmayaraq ki, mən hesab edirəm ki, onlar əslində ona qibtə edirdilər”.

Maraq doğuran məqamlardan biri də kosmosa uçuşdan iki gün əvvəl, 10 aprel 1961-ci ildə Yuri Qaqarin ömür-gün yoldaşına həyatının sanki son məktubunu yazır. Əslində o dövrdə kosmosa uçuşu açıq ölüm adlandırırdılar. Bəlkə də bu səbəbdən Qaqarinin naməsinə də “ölüm məktubu” deyirdilər. Amma həmin tarixi məktub ünvanına çatmaq üçün 7 il gözləməli oldu.

Yuxarıda da qeyd etdiyim kimi, uçuş haqda sənədlərin saxtalaşdırılması və ya müəyyən dəyişikliklərin edilməsi Qaqarinin arzularını, istəklərini bu dünyada qoydu…

Kudrin: “Rusiya bankları böhranı bu zaman hiss edəcək”

“Rusiya bankları 3-4 ay sonra böhranı hiss edəcəklər”.

Militribuna.az xəbər verir ki, bunu Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin deyib. O, banklara dövlət dəstəyinin lazım olacağını bildirib:

“Əgər biz iqtisadiyyatı yenidən işə sala bilməsək, şirkətlər azalsa, iki ay sonra bu şirkətlərin banklara borcu artacaq.

Böhran isə bank sektoruna üç ay sonra yayılacaq. Altı ay sonra isə tam hiss ediləcək. Bankların kapitala ehtiyacı ola bilər”. (axar.az)

Bakıda mənzillər mart ayında 2,6% ucuzlaşıb

Bu ilin mart ayında Bakı şəhəri üzrə daşınmaz əmlak bazarında orta satış qiyməti 2,6% azalıb.

yasamal.tv xəbər verir ki, “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 9,6% artım qeydə alınıb.

Eləcə də bax: Əmlak bazarında bütün proseslər dayanıb – ALICI YOXDUR
“Dəyişən strukturla aparılan hesablamalara əsasən, ay ərzində təkrar mənzil bazarında qiymətlər demək olar ki, sabit qalıb, il ərzində isə 1,32% artım olub. Sabit struktur, yəni eyni əmlakların qiymətləri üzrə hesablamalara əsasən, bu bazarda qiymətlərdə ay ərzində 1,3% azalma, illik isə 6,6% azalma baş verib. İlkin mənzil bazarında da ay ərzində 0,5% azalma, il ərzində isə 2,3% artım qeydə alınıb”, – deyə N. İbrahimov bildirib. (apa)

Azərbaycanlı həkim: “Koronavirusa yoluxanların 83,4 faizi dadbilməni itirir”

 

2019-cu ilin sonlarından etibarən Çində koronavirus yayılmağa başlayıb.

Hazırda dünyada koronavirusa yoluxanların sayı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunub. Bu virusun qarşısının alınması istiqamətində beynəlxalq təşkilatın tövsiyə və tələblərindən irəli gələrək, Azərbaycan ərazisində təxirəsalınmaz tədbirlər həyata keçirilməkdədir.

Virusun yayılması və digər məsələlərlə bağlı Oxu.Az-ın suallarını Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, Almaniya Rentgen Cəmiyyətinə doktorluq işi təqdim olunmuş ən gənc azərbaycanlı həkim Nuran Abdullayev cavablandırıb.

– Əvvəlcə sizi Almaniyaya aparan hekayəni danışın.

– Əslində, hekayələri çox sevmirəm, çünki əksər hallarda şişirdilmiş xəyallarla dolu olur, mən isə konkret və reallıqları sevən biriyəm. Bəlkə, elə buna görə də tərcümeyi-halları oxumağı sevirəm. Amma tam səmimi deyə bilərəm ki, Almaniyaya gəlişim mübaliğəsiz bir hekayədir, özü də uğur hekayəsi. Mənim hekayəm çox uzundur, amma qısa olaraq onu deyə bilərəm ki, həmişə daxilimdə Azərbaycanda ilkləri tətbiq etmək həvəsi var idi, elə bu həvəs də məni Almaniyaya gətirdi.

– Neyroradiologiyanı seçməyinizin xüsusi bir səbəbi vardı?

– 23 yaşım olarkən bizim institutun rəhbəri, professor David Maintsla razılaşdıq ki, neyroradiologiya ilə məşğul olacağam, o da mənim bu sahədə mütəxəssis kimi yetişməyimə dəstək olacaq. Bu yaşda belə bir qərarı vermək üçün həddən artıq gənc olduğumu o da mənə bildirmişdi, bəlkə, qərarıma görə tərəddüd də edirdi, amma prinsipiallığım və məqsədə doğru qəti addımlarım məni həmin Radiologiya İnstitutunda şöbə müdiri olmağa qədər gətirib çıxardı.

Həmin institutda ki, bizim elmi araşdırma qrupumuz xüsusi növ kompüter tomoqrafiyası ilə apardığı elmi tədqiqatlara görə ötən illərdə dünyada birinci yeri tutmuşdu. “Nəyə görə məhz neyroradiologiya?” sualının cavabı isə belədir ki, orada insan həyatını qurtardığın böyük əməliyyatları edirsən, məsələn, beyin insultu keçirən xəstələrdə ilk saatlarda beyin üzərində apardığımız əməliyyatları göstərə bilərəm.

Bəlkə də, elə həyat xilas etmək sevgisi məni bütün Almaniya üzrə bu əməliyyatı sərbəst icra edən ən gənc həkim elədi – bəli, həmin o 23 yaşlı azərbaycanlı gənci. Buna görə də Almaniya Neyroradiologiya Cəmiyyətindən və başqa elmi cəmiyyətlərdən xüsusi təqaüdlərə layiq görüldüm. Məqsədlərimə gəlincə, onlar hələ bitməyib, yola davam edirik.

– Alman-Azərbaycan Radiologiya və Neyroradiologiya Cəmiyyətinin sədrisiniz. Bu cəmiyyəti təsis etməyə sizi nə vadar etdi? Bu qədər elmi və praktiki təcrübələrlə artıq Azərbaycana dönməyi düşünürsünüzmü?

– Məni tanıyanlar bilir ki, daxilimdə xüsusi bir Azərbaycan sevgisi var. Vətənimdə radiologiya-neyroradiologiya səhələrinin inkişafına böyük ehtiyac olduğunu gördüm və bu cəmiyyəti təsis edərək, Azərbaycana dəstək olmağa qərar verdim. Həmtəsisçilər də mənim elm dostlarım – Almaniyadan olan professorlardır ki, onlar bu məqsədimə çatmaqda mənə kömək edirlər.

Azərbaycana dönməyə gəlincə, bu sualı mənə tez-tez verirlər, mən də əvəzində hər kəsə Atatürklə professor Mahmud Sadinin hekayəsini danışıram. Atatürkün Berlinə təhsil almağa göndərdiyi Mahmud Sadi gedib-getməmək qərarında böyük tərəddüd içində olarkən son gün Atatürkdən aldığı teleqram onu bu yola çıxmağa vadar edir. Teleqramda belə yazılmışdı:

“Sizləri birər qığılcım olaraq göndərirəm, alovlar olaraq geri dönməlisiniz!”.

Sonradan isə professor Mahmud Sadinin vətəni üçün elədiklərini çoxumuz bilirik. Açığı, əlimdə Azərbaycan üçün icra olunması vacib olan kifayət qədər tibbi layihələr və onları tətbiq edəcək qədər də potensialım var. Sadəcə, icra etməyə başlamaq lazımdır, bu sahədə Azərbaycan səhiyyəsi adına böyük işlər görmək istəyən hər kəsə layihələri təqdim edə bilərəm. Yetər ki, Azərbaycan daha da inkişaf etsin.

– Dünyanı COVID-19 bəlası cənginə alıb. Almaniyada pandemiyadan ölümlərin az olması dünyanın diqqətini çəkir. Burada hər hansı bir “alman modeli” var?

– Ümumiyyətlə, alman tibbinin öndə getməsinin əsas səbəbi uzun illərdir özünü doğruldan nizamlı səhiyyə sisteminin olmasıdır. Ölüm sayına gəldikdə, heç kəs unutmamalıdır ki, pandemiya Almaniyada hələ bitməyib və bunun ölkə üçün necə bitəcəyini hamımız görəcəyik. Mən isə bu sahədə bir az nikbinəm, bunun səbəbi virusa yoluxanlara düzgün tibbi xidmətin təşkili və ən başlıcası, alman xalqının həmrəy olub dövlətin bütün tapşırıqlarına ciddi əməl etmək istəməsidir. Bundan da vacib bir amil risk qrupuna daxil olan yaşlı xəstələrə başqa Avropa ölkələrinə nisbətən, ümumilikdə, daha faydalı tibbi xidmətin göstərilməsidir.

– Ekstrasens Zirəddin Rzayevin koronovirusun bitmə tarixi ilə bağlı proqnozu və həmvətənlərimizin buna reaksiyası sizi məyus etmişdi. Bununla bağlı fikirlərinizi sosial şəbəkələrdə də paylaşmışdınız…

– Bilirsiniz, vətənini sevən elm adamının arzusu həmişə xalqının da elmli olması və özünü daha da inkişaf etdirmək istəməsidir. Yuxarıdakı dediyiniz mövzuda artıq dəyərli və mənim də xüsusi hörmət etdiyim millət vəkillərimiz daha öncə fikir bildiriblər. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, çoxluq hələ də elmə yox, başqa yollara inanır, bu da birbaşa təhsilsizlikdən və elmsizlikdən irəli gəlir. Amma nə vaxtsa düzələcəyinə, daha doğrusu, düzəldəcəyimizə əminəm, ona görə də həmişə deyirəm ki, mənim həmin xalq qrupu ilə sevgim Altsheymer xəstəliyinə (yaddaşın itməsi) tutulmuş valideynə övladının sevgisinə oxşayır: xəstə valideyn övladını tanımasa belə, övladı ona yorulmadan 24 saat qulluq edir – qarşılıqsız sevgi!

– Koronavirusun mövcud olmadığını, bunun bir iddia və oyun olduğunu iddia edənlər var. Onların çoxu bunu belə əsaslandırır ki, xəstəliyə yoluxan tanışı yoxdur.

– Açığı, mənim son günlərdə bu barədə bir xeyli yazım oldu və dediyiniz fikirlərlə tanışam. Qısa olaraq isə belə deyə bilərəm ki, bu həssas məqamda vacib olan jurnalistin jurnalistika, həkimin həkimlik, siyasətçinin siyasət, iqtisadçının da iqtisadiyyat barədə danışmasıdır. Vay o gündən ki, həkim qalxıb siyasətdən danışa, jurnalist də həkimlikdən. Bax, belə olan yerdə elmsiz xalq nümayəndələri qalxıb bu cür iddialar irəli sürürlər. Vacib olan odur ki, hər kəs cəmiyyətdə öz funksiyasını bilməlidir və öz sahəsinin birincisi olmağa çalışmalıdır. Əks halda, inkişaf qeyri-mümkündür!

– Yayılmanın hava-damcı yolu ilə baş verdiyi bildirilir. Amma daha çox yollar dezinfeksiya olunur. Buradakı məntiq nədir?

– Açığı, bu suala cavabı şəxsiyyətinə və elminə pərəstiş etdiyim bir alman professorundan eşitmişəm, ona görə də cavabı onun dediyi kimi çatdırıram. Bunun heç bir elmi əsası yoxdur, sadəcə, böyük psixoloji effekti var.

– Gərgin iş rejiminizə baxmayaraq, son günlərdə əhalinin maarifləndirilməsi istiqamətində bir xeyli yazı və çıxışlarınız da var. Məsələn, mənim diqqətimi cəlb edən məqam COVID-19-un Azərbaycanda yayılması haqqında elmi təhliliniz idi. Dünən sosial şəbəkədə yeni sorğuya başladığınıza dair məlumat yazdınız, bu da maarifləndirici tədqiqatdır?

– Bəzən araşdırmalar o qədər uzun sürür ki, gecələr maksimum iki-üç saat yata bilirəm. Düşünürəm ki, Azərbaycana bu dövrdə, həqiqətən, kömək lazımdır. İstər tibbi, istərsə də maarifləndirici istiqamətdə. Ona görə də bu yolda kömək edə bilən hər kəs mütləq köməyini göstərməli və onu əsirgəməməlidir.

Almaniyada ilk yoluxma zəncirinin araşdırılıması istiqamətində aparılan tədqiqatda maraqlı bir fakt üzə çıxır. Belə ki, xəstələrin təxminən yarısında dadbilmə və qoxubilmə hissinin itirilməsi faktı aşkarlanır. Bu faktlar elmi ədəbiyyata daxil olduqdan sonra daha bir funksional elmi tədqiqat vasitəsilə, həqiqətən, COVID-19 virusunun burunda, qoxubilmə sistemində müəyyən növ hüceyrələri ciddi şəkildə zədələməsi faktı sübut olundu.

Bu xəstələrin 75 faizində isə burunaxma ilə yanaşı, qızdırma və adi qrip zamanı rast gəlinən simptomlardan da ağır şikayətlərə rast gəlinir. Bu xəstələrin 83,4 faizində dadbilmənin də itməsi müşahidə olunur, hansı ki, Almaniyada aparılan tədqiqatdakı viruslu xəstələrin şikayətləri ilə üst-üstə düşür. Xəstələrin ümumilikdə 12,1 faizinin ailə yaxınları da bu infeksiyaya eyni simptomlarla (tənəffüs yollarının zədələnməsi) tutulur və ailə üzvlərindən bir nəfər, ümumilikdə isə, 7,8 faizi xəstəxanaya yerləşdirilir.

Burada ən maraqlı və vacib məqamlardan biri də xəstələrin yaxınlarının 48 faizində və ev şəraitində ortalama bir nəfər ailə üzvündə kəskin şəkildə qoxubilmənin itməsinə rast gəlinməsidir. Bütün bunlar onu göstərir ki, kəskin şəkildə dad və qoxubilmənin itməsi bu viruslu xəstələrdə tənəffüs yollarının infeksiyası zamanı olan simptomlarla yanaşı gedir və hətta digər simptomlardan daha tez-tez rast gəlinir.

Sorğuya gəlincə, qısa olaraq deyim ki, mənim son günlərdəki elmi təhlilimin nəticəsinə görə, Azərbaycanda virus artıq dekabr-yanvar aylarından yayıla bilərdi. Bunu mətbuatda və televiziyada bildirdikdən sonra çox sayda insanın mənimlə razılaşdığına dair fikirlər aldım. Sorğu elmi tədqiqat növüdür. İlk dəfə Azərbaycanda onlayn rejimdə tətbiq olunub, nəticələrə isə Almaniyada baxacağıq və düşünürəm ki, elm adına böyük nailiyyət olacaq. Bu sorğu vasitəsilə daha dəqiq demək olacaq ki, həqiqətən, virus Azərbaycanda əvvəlcədən yayılıb, ya yox. Bu da ölkəmizdə virusla mübarizəyə birmənalı şəkildə fərqli təsir göstərə və effektiv mübarizəyə kömək edə bilər.

Pakistanda təyyarə qəzaya uğradı: ölənlər var

Bu gün səhər saatlarında Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

yasamal.tv xəbər verir ki, bu barədə Pəncab vilayətinin rəsmisi Masarrat Çema bildirib.

Hadisə nəticəsində hər iki pilot – mayor Umer və leytenant-kursant pilot Fiazan həlak olub.

Azərbaycanda boşanmaların sayı azalıb

2020-ci ilin mart ayında Azərbaycanda 3 931 nikah və 980 boşanma dövlət qeydiyyatına alınıb.

yasamal.tv xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, cari ilin yanvar ayında müvafiq orqanlarda 4 353, fevral ayında isə 4 027 nikah dövlət qeydiyyatına alınıb.

Paralel olaraq, bu ilin yanvar ayında qeydiyyat şöbələrində 1 467, fevral ayında isə 1 493 nikahın pozulması dövlət qeydiyyatına alınıb.

Xatırladaq ki, qeydiyyat şöbələri tərəfindən, ümumilikdə, nikahın pozulması haqqında müraciət edənlərdən yanvarda 324, fevralda 278 şəxs psixoloqla söhbətə cəlb olunub və nəticədə, onlardan yanvarda 50-si (25 cütlük), fevralda isə 76-sı (38 cütlük) nikahın pozulmasından imtina edib.

Bakı nefti 22% bahalaşdı

Ötən həftə ərzində (6-10 aprel) dünya bazarında “Azeri Light” (CIF) markalı neft 22% bahalaşıb.

yasamal.tv xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 4,36 ABŞ dolları və ya 22% artaraq orta hesabla 24,27 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 25,31 dollar təşkil edib, ən minimal göstərici isə 23,48 dollara bərabər olub.

Bu il Azərbaycanda əmək müqavilələrinin sayı artıb

Özəl sektorda işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron sistem üzərindən gündəlik nəzarət həyata keçirilir.

Həmçinin əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib.

Nazirlikdən bildirilib ki, bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edir.

Aparılan işlərin müsbət nəticəsi kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, əmək müqavilələrinin sayında artım dinamikası davam edib.

2020-ci ilin 1 aprel tarixinə qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-ə çatıb.

Beləliklə, əmək müqavilələrinin sayında bu ilin 1 aprel tarixindən 46 848 müqavilə, 1 yanvar tarixindən isə 69 478 müqavilə artımı baş verib. (Publika.az)

“Azərbaycan Dəmir Yolları”nın gəliri 11% artıb

2019-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC 299,8 milyon manat gəlir əldə edib.

yasamal.tv bu barədə hökumətin hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, 2018-ci ilə nisbətən 10,7% çoxdur.

2019-cu ildə “Azərbaycan Dəmir Yolları” QSC üzrə əsas kapitala 1 001,3 milyon manat vəsait yönəldilib.

Həmin vəsatin 653,9 milyon manatı dövlət büdcəsindən ayrılıb.

Əlaqə
1
Sualınız var?
Scan the code
Salam
Sizə necə kömək edə bilərik?