
“Yay aylarında kirayə mənzil bazarında nisbi sakitlik olur”.
Bunu Cebhe.info-ya açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O, kirayə mənzil bazarında daha çox tələbələrin rol oynadığını xatırladıb:
“Hazırda yay tətilləri ilə bağlı tələbələr rayonlara gediblər. Amma yaxın günlərdə geri qayıdacaqlar. Bununla da kirayə mənzil bazarında canlanma və qiymət artımı baş verəcək. Qiymət artımı və mənzil qıtlığı isə təxminən sentyabrın sonunadək davam edir. Həmin vaxtdan sonra isə nisbi sakitlik yaranır”.
Ekspert bildirib ki, hazırda satış bazarında nisbi sakitlikdir:
“Yay aylarında daha çox fərdi həyət evləri və torpaq sahələri satılır. Sentyabrdan başlayaraq isə bina evlərinin satışı sürətlənir. Bu, həm şəhərə axınla, həm də yeni mövsümdən ipoteka və digər kreditlərin ayrılması ilə əlaqəlidir.
Yəni bu səbəblərdən payız aylarında əmlak bazarında ciddi müştəri artımı olur. Düşünürəm ki, qiymətlərdə yenə müəyyən qədər artım müşahidə olunacaq. Bu artımlar daha çox köhnə doqquzmərtəbəli və yeni inşa olunan binalarda baş verəcək. Çünki həmin mənzillər ipoteka ilə satıla bilir”.
Elnur Fərzəliyev vurğulayıb ki, bəzi şəxslər köhnə binalara investisiya yatırırlar:
“Əslində 3, 4 və 5 mərtəbəli köhnə binalar ipoteka krediti ilə satılmadığına görə onlara tələbat elə də ciddi deyil. Buna rəğmən, həmin binalarda qiymət artımları çox böyük formada baş verir.
Köhnə binlarda qiymət artımının baş verməsinə əsas səbəb onların satın alınaraq, kapital kimi yatırılmasıdır. Ona görə ki, söküntü zamanı sözügedən binalardan yüksək gəlir əldə etmək mümkün olur. Yəni söküləcək köhnə binaları alıb kirayə verirlər.
Daha sonra isə onlar söküləndə həmin binanın yerində yeni mənzil alırlar. Hansı ki, həmin mənzilin də satış qiyməti köhnə mənzildən 2 dəfə baha təklif olunur. O baxımdan, köhnə binalardan investisiya qoyuluşu kimi istifadə edirlər.
Əslində isə köhnə binaların qiymətlərində artım olmamalıdır. Əksinə, onların qiymətləri ucuzlaşmalıdır. Həmin binalar istismar müddətini bitirdiyi üçün bank tərəfindən girov götürülmür və ipoteka kreditinə çevrilmir. Hətta bir hissəsi də qəzalıdır”.
Onun sözlərinə görə, qarşıdakı aylarda mənzil bazarında bahalaşma müşahidə ediləcək:
“Oktyabr-noyabr aylarına doğru əmlak bazarında təxminən 5-10 % artımlar müşahidə oluna bilər. Bu isə növbəti ayrılacaq kreditlərlə bağlıdır. Hər kredit ayrılanda əmlak bazarına yüzlərlə şəxs cəlb olunur. Hansı ki, onlar da kreditli yollarla mənzil əldə etmək istəyən müştərilərdir.
Onların bazarda olmağı isə qiymətlərə öz təsirini göstərir. Amma ev almaq üçün ən optimal ay məhz iyul-avqust ayıdır. Bu aylarda əmlak bazarında alıcılar az olur. O baxımdan da, ən sərfəli qiymətlər məhz bu iki ayda təklif olunur”.