Son günlər özəlləşdirmə çekləri ilə bağlı geniş müzakirələrə yol açıb. Bu fonda əlində çeki olan şəxslərin alqı-satqı elanlarına da rast gəlinir. Milli Məclisin 2017-ci ildə keçirilən iclasında özəlləşdirmə çeklərinin yenidən tədavülə cəlb edilməsi təklif olunsa da, gözlənilən qərar hələ də qəbul edilməyib. Lakin görünən budur ki, əlində çeki qalan vətəndaşlar ümidlərini itirməyiblər.
Qeyd edək ki, 1996-cı il yanvarın 1-dən Azərbaycanda özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılmasına başlanılıb. Qiymətli kağız kimi qeydiyyatdan keçən 32 milyon özəlləşdirmə çekindən 31,9 milyonu vətəndaşlara paylanılıb. Qanunvericiliyə əsasən, 1997-ci il yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Hazırda dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir. Əlində çekləri qalan minlərlə vətəndaş haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Məktubda qeyd edilib ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Bu çeklərin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib.
Mövzu ilə bağlı Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyi Taleh Əliyev yasamal.tv-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeki sahiblərinin zamanında öz haqqlarından istifadə etməsi üçün bəzi şəxslər tərəfindən əlverişli şərait yaradılmadı və nəticədə ölkə vətəndaşları haqsızlıqla üzləşdi:
“O vaxtı dövlət mülkiyyəti olan əmlakların özəlləşdirilməsi üçün özəlləşdirmə çeki adı altında qiymətli kağızlar dövriyyəyə buraxıldı və ölkə vətəndaşlarına paylanıldı. Bu, o deməkdir ki, dövlət əmlakının özəlləşməsində hər bir vətəndaş iştirak etməli idi. Təəssüf ki, özəlləşdirmə prosesi gedən həmin dövrdə manipulyasiya halları yaşandı. Özəlləşdirmə prosesində iştirak edən şəxslər bu və ya digər formada müəssisələrdə kiçik səhmdarlar qismində çıxış edirdilər. Müəssisələrin özəlləşdirilməsində üstünlük verilən əsas amil müəssisənin əmək kollektivi olsa da, əməkdaşları heç də həlledici səs hüququna malik olmadı. Sonrakı dövrlərdə səhmdar cəmiyyəti adı altında dövlət müəssisələrini ələ keçirmiş bir qrup şəxslər fəaliyyətləri barədə ictimaiyyətə heç bir açıqlama vermədilər. Çünki dividendlər əldə olunmuşdusa, onların bölgüsü aparılmalı idi.
Özəlləşdirmənin üstündən uzun zaman keçməsinə baxmayaraq bu gün həmin prosesdə iştirak etmiş çoxsaylı kiçik səhmdarlar var ki, aldadılmış vəziyyətdədirlər. Yəni, sözügedən müəssisələrdən heç bir divident əldə edə bilmirlər. Belə müəssisələrdən bir Şamaxı Şərab Zavodudur. Uzun müddətdir ki, müəssisə fəaliyyət göstərmir. Ona görə də səhmdar heç bir gəlir əldə edə bilmir. Fəaliyyəti olmayan müəssisələr on illərlə ayaqda qalıb. Bu, o vaxtı bəzi vəzifəli şəxslər tərəfindən vətəndaşların aldadıldığını göstərir. Nəticədə Azərbaycan vətəndaşı kimi, ölkə iqtisadiyyatı da heç bir qazanc əldə edə bilmədi.
Hesab edirəm ki, hazırda əlində çeki qalan vətəndaşların haqqlarının bərpası onların konstitusion hüququdur. Buna görə də həmin vətəndaşlara dövlətdən çatacaq payları verilməlidir. Bu istimaqətdə müvafiq qərarların qəbul olunması arzuolunandır”.