ABŞ prezidenti Donald Trampın administrasiyası Çin Kommunist Partiyasının bütün üzvlərinə və onların ailələrinə Birləşmiş Ştatlara səfər qadağanı qoyulması məsələsini götür-qoy etməkdədir.
“Reuters” agentliyi məsələ ilə tanış mənbələrə istinadən bildirir ki, ABŞ-ın vəzifəli rəsmiləri bu barədə xüsusi prezident fərmanının mətni üzərində işləyirlər. Bu da bildirilir ki, ABŞ-Çin münasibətlərini şübhəsiz daha da pisləşdirəcək bu qadağan üzərində iş hələ erkən mərhələsindədir.
Adının çəkilməsini istəməyən rəsmi “Reuters” agentliyinə deyib ki, sənəd hələlik prezidentə təqdim olunmayıb. Bu müzakirələrin getdiyi barədə ilk dəfə New York Times qəzeti xəbər verib.
Qəzetin dərc etdiyi məqalədə deyilir ki, bəzi ekspertlər on milyonlarla Çin kommunistinə səfər qadağanının qoyulmasını misli görünməmiş hadisə adlandırır və yeni Soyuq Müharibəyə bənzədirlər.
ABŞ maraqları ziyan görə bilər
Əgər belə bir qadağan tətbiq olunarsa, o Çin Kommunist Partiyasının sıravıüzvlərindən tutmuş liderlərinədək hamıya şamil edilməlidir.“Reuters” yazır ki, belə bir hərəkət Pekini cavab addımları atmağa sövq edəcək və beləliklə dəÇinə səfərlər edən amerikalılar üçün əngəl olacaq. Söhbət təkcə diplomatlardan yox, həm də biznes rəhbərlərindən gedir və belə bir addım potensial baxımdan ABŞ-ın Çindəki maraqlarıüçün ziyanlı ola bilər.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying bildirib ki, belə bir niyyət əgər həqiqətən də varsa divanəlikdir.
ABŞ dövlət katibi Mayk Pompeo bu xəbərləri tam təsdiq etməsə də, deyib ki, “administrasiya Çin Kommunist Partiyasına qarşı tədbirlər üzərində iş aparır”.
Ağ Evin mətbuat katibi Kayla Makenna müxbirlərə deyib ki, söhbət Çindən gedəndə bütün variantlar masa üstündədir.Dünyanın iki böyük iqtisadiyyatı arasında münasibətlər Çinin koronavirus epidemiyası ilə bağlı erkən mərhələdəki davranışına, onun Honq Konq siyasətinə və Cənubi Çin dənizi hövzəsindəki fəaliyyətlərinə, habelə Sintzyanda insan haqlarının pozulmasına görə son bir ildə xeyli gərginləşib.
Kimin kommunist olması nədən bilinəcək?
ABŞ rəsmiləri çoxsaylı nazirliklərin xətti ilə Kommunist Partiyasıüzvlərinin övladlarının Amerika Universitetlərinə gəlməsini əngəlləyən qaydaların tətbiqi üzərində düşünürlər.
“Reuters” diqqəti həm də belə bir məqama çəkir ki, hazırda Tramp və onun 2020-ci il seçkisində potensial rəqibi olacaq demokrat Co Bayden Çinə qarşı sərt mövqe tutmaq vədlərində yarışa giriblər.
Tramp administrasiyası Çinin dünya boyunca ziyanlı davranışlarına görə Çin Kommunist Partiyasını ittiham edir. Buna baxmayaraq Tramp hələki “dostum” adlandırdığıÇin prezidenti Si Zipinqin birbaşa tənqidindən çəkinib. Sözü gedən mənbə deyib ki, Tramp bəzi fərdləri və kateqoriyaları nəzərdə tutulan qadağandan istisna edə bilər.
Mənbə bildirib ki, bu məsələdəən çətin məqam Çin vətəndaşlarından kimin kommunist olmasının necə yoxlanacağıdır. (azadliq.org)